...

Bədahətən deyilməyən meyxananı qəbul etmirik – meyxana ustaları

Cəmiyyət Materials 19 Fevral 2008 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral /müx. TrendLife Türkan İmaməliyeva/

Meyxana folklor janrlarımızdan sayılır. Sovet dövründə meyxanaya qadağa qoyulmuşdu. O zaman meyxana cəmiyyətə qeyri-ciddi janr kimi təqdim olunduğundan onun ifaçıları da küçə və ya tin adamları, hətta narkomanlar hesab edilirdilər. Uzun illərin qadağasından sonra meyxana janrı tədricən qəbul olunmağa başladı. Ötən əsrin 80-ci illərindən başlayaraq meyxana efirə də yol tapdı. Nizami Rəmzi məhz belə meyxanaçılardan idi ki, bu janrı böyük auditoriyaya təqdim etməyə vəsiqə qazandı.

Bu gün meyxana janrı istiqamətini və üslubunu dəyişib. Məsələn, onu musiqili şəkildə ifa edirlər. Bundan başqa, meyxanaçıların böyük əksəriyyəti artıq fonoqramla ifaya da üstünlük verir.

Tanınmış meyxanaçı Ağamirzə TrendLife-ın əməkdaşı ilə söhbətdə meyxananın bugünkü vəziyyətini analiz edib:

"Mən ata-babadan görmüşəm ki, meyxananı bədahətən söyləyərlər. Biz köhnə nəslin nümayəndələri meyxananı sintez etməyə qarşıyıq. Meyxana hara, sintez hara? Əgər meyxana fonoqramla deyilirsə, onun adı artıq meyxana olmamalıdır. Biz əvvəllər toylarda xiridarların qabağında meyxana deyəndə məsuliyyət hiss edirdik. Çünki bədahətən söz deyilirdi, bədahətən deyişirdilər. Elə meyxananın ləzzəti, duzu da onda idi. İndikilər isə studiyada oturub bir meyxana yazırlar, əllərinə diski götürüb yalandan dodaqlarını tərpədirlər ki, mən meyxana deyirəm. Biabırçılıqdır. Meyxanaçı toyda, məclisdə püxtələşir. Bədahətən söz deyir, deyişir. Ancaq indikilər bilinmir ki, meyxana deyirlər, ya mahnı. Mən fonoqramla meyxana oxuya bilmirəm. Oxuyanları da meyxanaçı adlandırmıram. Bu gün mənim tələbəm Elşən Balaxanlı var. Cavanların içində hesab edirəm ki, ən güclüsüdür. Meyxana sənətini bu günə qədər sevdirən onun bədahətən deyilməsidirsə, bunu gələcək nəsil də bilməlidir".

Digər tanınmış meyxanaçı Ağakərim də həmkarı ilə razıdır: "Meyxana bədahətən deyilməlidir. Meyxanaçı məclisdə olanda deyişmədisə, bədahətən meyxana demədisə, ona meyxana ustası demirlər. Mənim kimsəyə paxıllığım yoxdur. Canlı yayıma çıxsınlar, bədahətən onlar da desinlər, mən də. Onda görünər ki, meyxanaçı kimdir. Yoxsa əlinə mikrofon alıb fonoqramla meyxana deməyə nə var ki? Əvvəllər bizim üçün qadağalar çox idi. Bu gün isə qadağalar götürülüb, ancaq doğru-dürüst meyxana deyən yoxdur. Hərə bir qadın müğənnisi ilə oxuyur, adını da qoyur meyxanaçı. Bu biabırçılığa son qoymağın vaxtıdır. Əgər müğənni ilə mahnı oxuyursansa, de ki müğənniyəm. Daha özünü meyxanaçı kimi niyə təqdim edirsən? Yenə də söyləyirəm ki, meyxana mahnı deyil ki, əzbərləyəsən".

Xəbər lenti

Xəbər lenti