Azərbaycan, Bakı, 23 aprel /müx.TrendLife Şahin Cavadsoy/
Toy elmizin ən gözəl adətlərindən biridir. Hər bir valideyn çalışır ki, övladının bu xoş günü, təqvimin digər tarixlərindən köklü şəkildə fərqlənsin. Əməkdar artist Ədalət Şükürov da bu cür düşünən valideynlərdəndir. Müğənni bu haqda məlumat verməmişdən ,yaxın keçmişə qayıdıb, öz toyunu yaddaşında təzələdi: "Toyum 1993-cü ildə olub. O vaxt belə təmtəraqlı toylar keçirilmirdi. Həyat yoldaşımın adına uyğun gəldiyi üçün xoş günümüzü Sumqayıt şəhərinin "Aygün" restoranında qeyd etmişdik. Məncə o illərdə keçirilən toyların bir başqa ləzzəti var idi. Bu sözlərimi oxuyanlar elə düşünməsinlər ki, Ədalət Şükürov yenilik tərəfdarı deyil. Sadəcə olaraq hər şey öz qaydasında olanda daha maraqlı və yadda qalan olur".
Söz Ə.Şükürovun gələcəkdə iki balasına etdirəcəyi toylardan düşəndə isə sənətçi bunları söylədi: "Hesab edirəm ki, ən çətini qız övladının gəlin köçürülməsidir. Allah bütün balaları saxlasın, mənim də iki övladım var. Oğlumdan fərqli olaraq, qızımın ərə gedəcəyi günü fikirləşəndə çiyinlərimdə həddindən artıq məsuliyyət hiss edirəm. Hansı sənətə sahib olmasından asılı olmayaraq valideyn elə valideyndir. Ata-analar çalışır ki, övladlarına ürəkləri istəyən toy məclisi qursunlar. Qız atası kimi mən də bu gününün yetişəcəyi anı gözləyirəm. Tədarükümü indidən hazırlayıram ki, vaxtı gələndə heç bir problemlə qarşılaşmayım".