Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Avropa Şurasının gənclərlə iş üzrə proqram komitəsinin növbəti iclasında iştirak edəcək. Bu barədə bazar ertəsi Trend-ə Fonddan məlumat verilib.
İclas 11-14 iyun tarixlərində Fransanın Strasburq şəhərində keçiriləcək.
Hacıyevin səfər çərçivəsində Avropa Gənclər Fondunun rəhbəri Jan Klod Lazaro və Avropa Şurasının Gənclər və İdman Direktorluğu ilə görüşləri nəzərdə tutulub. Görüşlərin məqsədi Azərbaycan Gənclər Fondu haqqında ətraflı məlumatı çatdırmaq və gələcəkdə birgə əməkdaşlıq haqqında razılığa gəlməkdir.
Qeyd edək ki, Azərbaycan Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu 2011-ci il 19 dekabr tarixində yaradılıb. Fondun məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etməkdir.