Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Ş.Cavadsoy/
Ötən ilin sonlarında evindən qızılları oğurlanan Azəri Günel onu "soymuş" insanların kimliyini bilməsə də, oğrulara halallıq verib. Bu barədə Trend-ə İstanbuldan telefonla Günel məlumat verib.
"Qızıllarımın tapılmaması ilə barışmaq çətin olsa da, oğrulara halallıq vermək məcburiyyətində qaldım. Baxmayaraq ki, itən qızılların hər birinin mənim üçün bir xatirəsi var idi. Əksəriyyəti mənə hədiyyə verilmişdi. Artıq heyifsilənmirəm. Əsas odur ki, mənim və əzizlərimin canı sağ-salamatdır. Axtarışlara son qoyduq. Allah güc-qüvvə versin, işləyib qızıllarımı yenidən alıb yerinə qoyum. Əhvalım da yaxşıdır. Atalar demiş, olacağa çarə yox imiş", - Azəri Günel deyib.
Ötən ilin sonlarında Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müğənni Azəri Günelin (Günel Zeynalova) İstanbuldakı evindən qızılları oğurlanmışdı. Zeynalova və atası Rəhman Zeynalov türk pulu ilə 25 min lirəlik (təxminən 17 min dollar) zinət əşyalarının oğurlanması barədə ərizə ilə polisə müraciət etmişdi. Günelin atası evin açarının olduğu şəxslərin adlarını polisə bildirmişdi. Zeynalov hadisənin 8-18 noyabr tarixlərində, Azərbaycanda olduğu vaxtda baş verdiyini deyərək açarların evdə təmizlik işləri aparan Esra, Seyhan, Əmrədə və azərbaycanlı vətəndaşlar Səidə və Füzulidə olduğunu bildirmişdi.