Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Dekabrın 14-də dünyasını dəyişən Azərbaycanın xalq artisti Qədir Rüstəmovla bu gün Bakı Musiqi Akademiyasında vida mərasimi keçirilib.
Trend-in məlumatına görə, vida mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olub. O, əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, sonradan Ağdamda təhsilini davam etdirib.
Azərbaycanın musiqi sənətində Qədir Rüstəmovun xüsusi rolunun olduğunu deyən nazir bildirib ki, onun ifasında səslənən "Rast", "Çahargah" muğamları, "Sona bülbüllər", "Laçın", "Sarı gəlin" xalq mahnıları hər kəsin qəlbində özünəməxsus yer tutur.
Qarayev Qədir Rüstəmovun dövlət tərəfindən xüsusi qiymətləndirildiyini, ölkə başçısı tərəfindən onun "Şöhrət" ordeni ilə təltif edildiyini, prezident təqaüdünə və xalq artisti fəxri adına layiq görüldüyünü söyləyib.
Yazıçılar Birliyinin sədri Anar da Qədri Rüstəmovu təkrarolunmaz sənətkar adlandırıb. O, vida mərasiminə gələnlərlə öz xatirələrini bölüşüb.
"Onunla işləmək mənə də nəsib olub. "Üzeyir bəy" filmində çəkilmək üçün ona müraciət etdim. Mənə dedilər ki, razılaşmayacaq, amma razılaşdı. Filmin çəkilişləri Şuşada aparılırdı. O isə filmin çəkilişlərinə Ağdamdan gəldi. Çəkiliş başlayan günü onu çox gözlədik. Mənə dedilər ki, o, həmişə söz verir, amma gəlmir. Çəkilişə gec gəlib çatdı. Gələn kimi də mənə dedi ki, yəqin sənə də deyiblər ki, Qədri Rüstəmov dəlidir. Amma, qardaş, Qarabağda dəli olmasan, baş çıxara bilməzsən", - yazıçı deyib.
Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi isə Qədir Rüstəmovun bu dünyada ad qoyaraq getdiyini deyib.
"Heç kəs bu dünyada qalmır, amma bu dünyada ad qoyub getmək lazımdır. Qədir Rüstəmov adi muğam ifaçısı ola bilərdi, amma olmadı", - Kərimi qeyd edib.
Tədbirin sonunda Qədir Rüstəmovun oğlu Rüstəm Rüstəmov vida mərasiminə gələn, atasının sənətini qiymətləndirən hər kəsə təşəkkürünü bildirib.
Qədir Rüstəmov II Fəxri xiyabanda dəfn edilib.