Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İsabalayeva/
"Eurovision" mahnı müsabiqəsinin təşkilati məsələlər üzrə rəhbəri (event supervisor) Sietse Bekker "Eurovision 2012"-nin loqosunu müsabiqə tarixindəki ən yaxşı qrafik loqo sayıb.
Trend-in bazar ertəsi "Eurovision 2012"-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Sietse Bekker sayta müsahibəsində deyib.
"Eurovision 2012"-nin şüarı və loqosu çox gözəldir. Bu, insanı ilhamlandıran bir şüardır. Loqodakı od Azərbaycanla çox bağlıdır. Bu mənada şüarın odla əlaqəli olması məntiqlidir", - Bekker deyib.
Bekker düşünür ki, bu loqonun hər bir məqama uyğunluğu var və hər bir yerdə tətbiq oluna bilər.
Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.
May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.
57-ci "Eurovision" mahnı müsabiqəsi Bayraq meydanında inşa olunan "Baku Crystal Hall"da baş tutacaq.