Azərbaycan, Bakı, 26 may /Trend/
2012-ci il iyunun 1-5-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Ukrayna Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ukraynada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.
Mədəniyyət Günləri çərçivəsində Azərbaycan xalq musiqisinin ən yaxşı nümunələri təqdim ediləcək. Muğam ifaçıları, solistlər, Dövlət Mahnı və Rəqs Ansamblının yüksək peşəkar kollektivləri, məşhur incəsənət xadimləri və aktyorlar Azərbaycan mədəniyyətinin müxtəlif sahələrini əhatə edəcək proqramla iştirak edəcəklər. Bu barədə Trend şənbə günü "Ukrinforma"a istinadən məlumat verir.
İyunun 1-də saat 18:00-da Ukraynanın T.Q.Şevçenko adına Milli Akademik Opera və Balet Teatrında (Vladimirovskaya, 50 küçəsi) Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Ukraynanın mədəniyyət naziri Mixail Kulinyakın iştirakı, habelə Azərbaycanın incəsənət ustalarının qala konserti ilə bu böyük mədəniyyyət tədbirinin təntənəli açılşı olacaq.
Həmin gün "Azərbaycan ənənələr və müasirlik sərhədində" fotosərgisi işinə başlayacaq, habelə Azərbaycanın turizm potensialının təqdimatı olacaq.
İyunun 2-də saat 19:00-da L.Ukrainka adına Milli Akademik Rus Dram Teatrında (B.Xmelnitskovo, 5 küçəsi) S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının Mirzə Fətəli Axundzadənin pyesi əsasında səhnələşdirdiyi "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşası nümayiş etdiriləcək.
Azərbaycanın incəsənət ustaları Kiyevdən sonra Odessa şəhərinin qonağı olacaqlar. Belə ki, iyunun 3-də saat 19:00-da Odessa Milli Akademik Opera və Balet Teatrında konsert baş tutacaq. 4 iyun saat 19:00-da V.Vasilko adına Odessa Ukrayna Akademik Musiqili Dram Teatrında (Paster 15, küçəsi) "Müsyo Jordan və Dərviş Məstəli şah" tamaşası göstəriləcək.
Ukraynalı həmkarlar Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələri üçün sıx proqram hazırlayıblar. Onlar Ukraynanın muzeyləri, digər tarixi və mədəni yerləri ilə tanış olmaq imkanı əldə edəcəklər.
Səfər çərçivəsində Azərbaycanın mədəniyyət və turizm naziri Ukraynanın yüksək rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirəcək.