Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir İlkin İzzət/
Lənkəranın ilk çoxmərtəbəli tarixi binası yaxın günlərdə yeni görkəmdə ziyarətçilərin istifadəsinə veriləcək.
Trend CTV-yə istinadən xəbər verir ki, Lənkəranın ilk çoxmərtəbəli tikilisi hesab edilən və tarixi mədəniyyət abidəsi olan Xan evində təmir bərpa işləri artıq yekunlaşmaq üzrədir.
Xan evi və ya Xan sarayı adlanan binada hazırda Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi kimi faəliyyət göstərir. Hazırda muzey müvəqqəti olaraq şəhər kitabxanasına köçürülüb.
Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsindən bildiriblər ki, təmir işləri aparılarkən abidənin tarixiliyi nəzərə alınıb, bina öz ilkin vəziyyətinə qaytarılıb. Belə ki, bərpa zamanı elə o vaxtkı tikinti materiallarından istifadə olunub. Bundan əlavə, restavrasiya işləri aparılarkən 1913-cü ildə tikilmiş binanın tarixi abidəliyinin qorunması nəzərə alınıb. Eyni zamanda burada müasir tələblərə cavab verən daxili və xarici işıqlandırma sistemi, nəzarət kameraları və istilik sistemləri qurulub. Eksponatların mühafizəsi üçün vacib olan bütün şərtlərə əməl olunub. Muzey eksponatları üçün müasir ekspozisiyasının qurulması da nəzərdə tutulur.
Muzeyə gələn qonaqlar üçün binanın həyətində istirahət parkı da salınıb. Ümumilkdə 6 mindən yuxarı ekspanatın qorunduğu muzey qapılarını yaxın günlərdə yenidən ziyartəçilərin üzünə açacaq.
Qeyd edək ki, Lənkərandakı Xan evi 1913-cü ildə Talış xanlarının nəslindən olan Mir Əhməd xanın sifarişi ilə həyat yoldaşı Tuğra xanımın şərəfinə ucaldılıb. Bina Avropadan dəvət olunan memarlar tərəfindən inşa edilib. Burada işlədilən bütün tikinti materialları gəmi ilə Bakıdan gətirilib. Bu möhtəşəm bina Lənkəranda ilk çoxmərtəbəli tikili olub. Binanın fasadı mifoloji fiqurlarla bəzədilib. Hələ bolşevik inqilabından əvvəl bölgədə ilk dəfə məhz Xan evində elektrik işıqlandırma və istilik sistemi olub.