...

Mingəçevir Şəhərinin Tarixi Muzeyinin yeni binası açılacaq (FOTO)

Mədəniyyət Materials 14 İyul 2015 20:50 (UTC +04:00)
İyulun 15-də Mingəçevir Şəhərinin Tarixi Muzeyinin yeni binasının açılış mərasimi keçiriləcək.
Mingəçevir Şəhərinin Tarixi Muzeyinin yeni binası açılacaq (FOTO)

Azərbaycan, Bakı, 14 iyul /Trend/

İyulun 15-də Mingəçevir Şəhərinin Tarixi Muzeyinin yeni binasının açılış mərasimi keçiriləcək. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Mingəçevir ərazisi yaşayış məntəqəsi kimi çox qədim tarixə malikdir. Muzey gələcəkdə regionun mədəni həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, turizm potensialının genişləndirilməsinə də xidmət edəcək.

Mingəçevir Şəhərinin Tarixi Muzeyi 1968-ci il yanvarın 11-də M.Davudova adına Mingəçevir Dram Teatrının binasının bir otağında, 50 eksponatla fəaliyyətə başlayıb. Hazırda muzey işçilərinin əməyi nəticəsində muzeyin fondu 15 mindən artıq eksponat təşkil edir. 1985-ci ildə muzey 9 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində uyğunlaşdırılmış sahəyə köçürülüb və 2013-cü ilə qədər həmin binada fəaliyyət göstərib.

2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Mingəçevir Şəhərinin Tarixi Muzeyi yeni binaya köçürülüb. Nazirlik tərəfindən burada təmir, bərpa, rekonstruksiya işləri aparılıb və yeni ekspozisiyanın bədii tərtibat işləri həyata keçirilib.

Muzeyin ekspozisiyası iki əsas bölmədən ibarətdir: qədim Mingəçevir bölməsi və müasir Mingəçevir bölməsi.

Qədim Mingəçevir tarixi bölməsində 1948-ci ilə qədər olan şəhərin inkişaf tarixini, ərazi sakinlərinin yaşayış tərzini əks etdirən guşələr qurulub. Burada 1946-53-cü illər ərzində görkəmli alim, arxeoloq Saleh Qaziyevin rəhbərliyi altında Bozdağ silsiləsinin cənubunda, Kür çayının hər iki sahilində aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş, Eneolit dövründən başlayaraq (b.e.ə. III minillikdən) ayrı-ayrı tarixi dövrləri özündə əks etdirən maddi-mədəniyyət nümunələri nümayiş olunur. Müasir Mingəçevir bölməsi isə XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən indiyə qədər ictimai-siyasi hadisələri və şəhərin müasir inkişafını əks etdirən guşələrdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti