...

Özbəkistanda tanınmış azərbaycanlı rəssam Yusif Hüseynovun barelyefi açılıb (FOTO)

Mədəniyyət Materials 4 Mart 2016 16:09 (UTC +04:00)
Özbəkistanda tanınmış azərbaycanlı rəssam Yusif Hüseynovun yaşadığı evin qarşısında barelyefinin açılışı olub.
Özbəkistanda tanınmış azərbaycanlı rəssam Yusif Hüseynovun barelyefi açılıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda tanınmış azərbaycanlı rəssam, Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü, kino-teatr xadimi Yusif Hüseynovun yaşadığı binanın qarşısında onun barelyefinin açılışı olub.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, barelyefin açılışını edən Mərkəzin direktoru Samir Abbasov rəssam Y.Hüseynovun yaradıcılığının iki xalq arasında dostluq əlaqələrinin inkişafına xidmət etdiyini və rəssamın əsərlərinin daim aktual olduğunu qeyd edib. O, Y.Hüseynovun yaradıcılığı haqqında danışaraq, onun Vətəninə bağlı insan olduğunu, Xocalı hadisələrindən təsirlənərək, "Материнство: Analıq" adlı rəsm əsəri yaradaraq bu hadisələrin dəhşətlərini öz əsərində əks etdirdiyini söyləyib.

Tədbirdə digər çıxış edənlər rəssamın yaratdığı çoxsaylı əsərlərin bu gün də Özbəkistanda sevildiyini və yüksək qiymətləndirildiyini deyiblər.

Y.Hüseynovun oğlu rəssam Zaur Mansurov ailəsi adından atasının xatirəsinin əbədiləşdirilməsi, onun yaşadığı binada xatirə lövhəsinin vurulmasına görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. O, Y.Hüseynovun rəssamlıqla yanaşı, Özbəkistanda kino və teatr sahəsində fəaliyyəti barədə də danışaraq, bu cür layihələrin həyata keçirilməsinin gələcək nəsillər üçün faydalı olacağını vurğulayıb.

Qeyd edək ki, Y.Hüseynov 1980-2006-cı ildə Daşkənddəki Yunisabad rayonunda 14-cü məhəllədə 1-ci binada yaşayıb. Tanınmış rəssamın barelyefi onun 70 illik yubileyi münasibəti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə ilə hazırlanıb. Barelyefin müəllifi Özbəkistanın tanınmış heykəltaraşı, professor Marina Borodinovadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti