Bakı. Trend:
Payızın ilk konserti baş tutdu. Xalq artisti Aygün Kazımova və bəstəkar-müğənni Rəhim Rəhimli Qurban bayramı münasibətilə “Şamaxı Palace”də “Şou Aygün Rəhimli” adlı konsert proqramı ilə çıxış edib.
2 saatdan artıq davam edən konsertin aparıcısı Ruslan Ağayev olub.
Səhnəyə ilk olaraq Rəhim Rəhimli çıxıb. Müğənnini hər zaman olduğu kimi səhnədə rəqs qrupu müşayət edib. Ard-arda hit mahnılarını ifa edən müğənni, piano arxasına keçərək maraqlı performans da nümayiş etdirib. İfaçının bu performansı tamaşaçıların marağına səbəb olub.
Konsertin ikinci hissəsində səhnəyə Aygün Kazımova çıxıb. Xalq artistinin səhnəyə çıxması Şamaxıda ajiotaj yaradıb. Şou biznesin divasının səhnədə göstərdiyi rəngarəng şou tamaşaçılar tərəfindən gur alqışa səbəb olub.
Xalq artistini səhnədə Nailə Məmmədzadənin rəhbəri olduğu rəqs qrupu müşayət edib.
Bodrum istirahətindən məhz Şamaxı konserti üçün bronzlaşaraq dönən Aygün Kazımova səhnəyə Gulya Chagteksdən bəmbəyaz eksklüziv libasda çıxıb. Kazımovanın yeni görünüşü tamaşaçıların da marağına səbəb olub.
Hər zaman gənclərə dəstək nümayiş etdirən Aygün Kazımova və Rəhim Rəhimli bu konsertində də ənənələrində sadiq qalıb və bir neçə gənc ifaçını da öz konsertlərində səhnəyə dəvət ediblər.
Konsert Aygün Kazımova və Rəhim Rəhimlinin “Hər şey düzələr” adlı duetləri ilə yekunlaşıb.
Aygün Kazımovanın saçı və makiyajı üzərində Gusik Simon çalışıb. Konsertin səhnə tərtibatı və dekorasiyası üzərində Aygün Kazımovanın bütün layihələrində yanında olan dizayner İbo məşğul olub. Səs rejissorluğu isə Yaşar Baxışa həvalə olunub.
Konsertdən sonra Trend-ə açıqlama verən Aygün Kazımova Şamaxının təbiətinə, gözəl mənzərəsinə valeh olduğunu bildirib. "Azərbaycanımı necə sevdiyimi hər kəs bilir. İllərdir bolgələrdə verdiyim konsertlər mənə tamam ayrı stimul verir. Buna səbəb isə Azərbaycanın füsunkar təbiətə malik olmasıdır. Təbiət qoynunda baş tutan konsertlərdə özümü tamam fərqli hiss edirəm".
Açıqlamasının sonunda Aygün Kazımova tez-tez bölgələrdə konsert proqramı ilə çıxış edəcəyini əlavə edib.
İnformasiya dəstəyi - Trend.az, Day.az və Milli.az-dır.