Bakı. Trend:
Martın 8-də Avropa Parlamentində “Əli və Nino” filminin Avropada ilk təqdimatı olub.
Qurban Səidin eyni adlı romanı əsasında çəkilmiş film azərbaycanlı gənc Əli ilə gürcü qızı Nino arasında məhəbbət hekayəsindən bəhs etməklə bərabər XX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi hadisələri təsvir edir. Britaniyalı məşhur rejissor, Kann Film Festivalının qalibi, BAFTA mükafatı laureatı, Britaniya Kino Akademiyasının və Qremmi mükafatçısı Asif Kapadiyanın çəkdiyi filmdə baş rolları 86-cı Kino Akademiya festivalının qalibi Adəm Bəkri və Qoya mükafatı laureatı, ispaniyalı aktrisa Mariya Valverde ifa edirlər.
Filmin təqdimat mərasimində Avropa Parlamentinin üzvü Norika Nikolayi, Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov, Gürcüstanın Belçikadakı səfiri Natali Sabanadze və Avropa Azərbaycan Cəmiyyətinin Benilüks ofisinin rəhbəri Mark Vervilgen çıxış ediblər.
200 nəfərdən çox izləyicinin iştirak etdiyi təqdimat mərasimində Avropa Parlamentinin və Milli Məclisin üzvləri, Avropa vətəndaş cəmiyyətinin təmsilçiləri, Belçikada Azərbaycan diasporunun üzvləri, tanınmış ictimai-siyasi xadimlər iştirak ediblər.