Bakı. Trend:
Qurban Səidin eyniadlı romanı əsasında çəkilən “Əli və Nino” bədii filminin 5-ci Vaterlo tarixi film festivalı çərçivəsində Vaterlonun “Wellington” kinoteatrında təqdimatı keçirilib.
Bu barədə Trend-ə Azərbaycanın Belçikadakı səfirliyindən məlumat verilib.
Festival təşkilatçıları film haqqında tamaşaçılara ətraflı məlumat verib və ekran əsərinin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, 80 il bundan əvvəl yazılan “Əli və Nino” romanı əsasında çəkilmiş film Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrinin mehriban yanaşı yaşadığını və ölkədəki tolerantlığı əks etdirir, eyni zamanda dövrümüzün ən aktual məsələsi olan multikulturalizm, tolerantlıqla bağlı cəmiyyətlərə və insanlara vacib mesajlar ötürür.
Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov çıxışında gələn il Azərbaycan Demokratik Respublikasının (ADR) 100 illiyinin qeyd olunacağına diqqət çəkərək, bu filmdə ölkəmizdə hətta əksər Avropa ölkələrindən əvvəl bir sıra demokratik azadlıqların, o cümlədən qadınlara səsvermə hüququ verildiyinin aydın nümayiş etdirildiyini, Azərbaycanın ilk müstəqillik illərində baş vermiş hadisələrin açıq şəkildə ölkənin islami və Avropa dəyərlərinin unikal vahid məkanı olduğunu göstərdiyini və müasir Azərbaycanın ADR-in bu ənənələrini artıq qlobal səviyyədə inkişaf etdirməyə nail olmuş ölkə kimi tanındığını vurğulayıb.
Film Vaterlo tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb, nümayiş yerli mətbuatda işıqlandırılıb.