...

Dövlət Film Fondunun saxlama vahidi 65 mini ötüb

Mədəniyyət Materials 8 Yanvar 2018 12:21 (UTC +04:00)
Yeni filmlərin və filmmaterialların qəbulu ilə Dövlət Film Fondunun arxivi daha da zənginləşdirilərək, saxlanma vahidi 65 mini ötüb.
Dövlət Film Fondunun saxlama vahidi 65 mini ötüb

Bakı. Trend:

Yeni filmlərin və filmmaterialların qəbulu ilə Dövlət Film Fondunun arxivi daha da zənginləşdirilərək, saxlanma vahidi 65 mini ötüb.

Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Fondda müasir tələblərə cavab verən xüsusi Arxiv Server Bazası yaradılıb və bütün kino lentində olan filmlərin rəqəmsal formatda Server Bazasına köçürülməsi prosesinə başlanılıb. Təkcə 2017-ci ildə Dövlət Film Fondunda 21 tammetrajlı, “O qızı tapın”, “Bəxtiyar”, “Leyli və Məcnun”, “Qaynana”, “Nəsimi”, “Ad günü”, “Bakılılar”, “Telefonçu qız”, “Dağlarda döyüş” və başqa bədii film, həmçinin 30-dan artıq, o cümlədən “Balaban”, “Bizim Nəsibə xanım”, “Köç”, “Polad adalar”, “Haray”, “Estafet”, “Toqanrok-416”, “Sərhəd” və digər sənədli filmlər də texniki nəzarətdən keçirilərək yüksək keyfiyyətdə kino lentindən rəqəmsal daşıyıcılara yazılıb, Fondun Arxiv Server Bazasına köçürülüb. 2017-ci ildə kino lentləri qorunan film saxlanma bokslarında yeni psixometrlər, bakteriyalara qarşı xüsusi lampalar qurulmaqla yanaşı, təlimata uyğun mikroiqlim yaradılıb. Həmçinin fondun muzeyinə yeni eksponatlar daxil edilib.

SSRİ dönəmində istehsal edilmiş və kino lentində Dövlət Film Fondunun arxivində qorunub saxlanılan Azərbaycan filmlərinin köhnəlmiş, eroziyaya məruz qalmış dəmir lent qutularının müasir standartlara və tələblərə cavab verən qorunma şəraitinə uyğun olaraq yeni, daha davamlı və xüsusi tərkibli plastik qutularla əvəz olunması prosesi davam etdirilərək 5 min 600 ədəd dəmir qutu plastik qutularla əvəz olunub.

Dövlət Film Fondunun illik iş planı çərçivəsinə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə bir çox kinematoqrafçılarımızın xatirə gecələri, yubiley tədbirləri də reallaşıb. 2017-ci ildə Fondun təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda elmi-nəzəri konfrans, kinorejissorlardan Fikrət Əliyevin, Əlisəttar Atakişiyevin, kinooperator Arif Nərimanbəyovun, görkəmli teatr, kino aktyorları Nodar Şaşıqoğlunun, Ağasadıq Gəraybəylinin, tanınmış televiziya rejissoru Əmirhüseyn Məcidovun yubiley tədbirləri keçirilib. Eyni zamanda, 2017-ci ildə Fond tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino ixtisaslarında təhsil alan tələbələrə praktiki şərait yaradılaraq mütəxəssislər tərəfindən xüsusi məşğələlər keçirilib. Dövlət və özəl telekanallarda 70-dən artıq kino haqqında televiziya verilişinin çəkilməsinə köməklik göstərilib, bir sıra mətbuat orqanları kino haqqında məlumat və fotoşəkillərlə təmin edilib.

Azərbaycan Dövlət Film Fondunun hər il nəşr etdiyi “Kinobülleten” il ərzində respublikada istehsal olunan filmlərin ümumi toplusunu özündə əks etdirir. “Kinobülleten” kino sənəti ilə kino işçiləri, kütləvi informasiya vasitələri arasında bir bələdçi rolunu oynayır. Bir neçə bölmədən ibarət olan “Kinobülleten” kinosevərlər və bundan əyani vəsait kimi istifadə edənlər üçün nəşr olunur. Hər il Dövlət Film Fondunun dəstəyi ilə müəllifi Əməkdar İncəsənət Xadimi, tanınmış kinoşünas Aydın Kazımzadə olan “Azərbaycan kinematoqrafçıları” başlığı altında kitab nəşr olunur. Kitabda korifey kino sənətkarlarımızın həyat və yaradıcılığı geniş şəkildə əksini tapır. 2017-ci ildə bu ənənə davam edərək müəllifi A.Kazımzadə olan “Azərbaycan kinosu” ensiklopedik lüğəti çapdan çıxıb. Hazırda Film Fondunda müəllifin “Azərbaycan salnaməsi” başlıqlı ikicildlik kinosalnaməsi çapa hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti