...

Sofiyada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı keçirilib (FOTO)

Mədəniyyət Materials 31 May 2018 12:15 (UTC +04:00)
Sofiyada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı keçirilib
Sofiyada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Bolqarıstandakı Səfirliyinin təşəbbüsü ilə Sofiyada Bolqarıstanın ehtiyatda olan zabitlər və serjantlar İttifaqında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinin qeyd olunması çərçivəsində Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Bolqarıstanın ehtiyatda olan zabitlər və serjantlar İttifaqının sədri general Zlatan Stoykov Azərbaycan tarixi barədə dərindən məlumat əldə etmək imkanı yaratdığına görə səfir N.Qurbanovaya təşəkkürünü bildirib və səfirliyin bu təşəbbüsünü təqdirəlayiq hal kimi qiymətləndirib. Belə tədbirlərin davam etdirilməsinin vacibliyini qeyd edən general rəhbərlik etdiyi İttifaq ilə Səfirlik arasında əməkdaşlığın bundan sonra da davam edəcəyinə ümid ifadə edib.

Daha sonra səfir N.Qurbanova “AXC-nin yaradılması və 1991-ci ildə müstəqilliyin yenidən bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolu” mövzusunda məruzə ilə çıxış edib. N.Qurbanova cari ildə ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda müsəlman Şərqində və türk dünyasında ilk parlament respublikası olan AXC-nin yaradılmasının 100-cü ildönümünün qeyd olunduğunu, AXC-nin yaradılmasının xalqımızın tarixində şanlı səhifələrdən biri olduğunu bildirib. N.Qurbanova cəmi 23 ay yaşamasına baxmayaraq, AXC-nin qısa müddətdə həyata keçirdiyi tədbirlərin xalqımızın tarixində buraxdığı silinməz izlər, milli dövlətçilik ənənələrimizin bərpasında oynadığı böyük rol barədə tədbir iştirakçılarına məlumat verib. AXC-nin öz mövcudluğu ərzində çox genişmiqyaslı demokratik islahatlara imza atdığını vurğulayan səfir 1918-ci ildə qadınlara seçib-seçilmək hüququ verərək AXC-nin bu məsələdə də bir çox dövlətlərə öncüllük etdiyini qeyd edib.

N.Qurbanova Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından sitat gətirərək qeyd edib ki, biz haqlı olaraq qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub, bu gün də bu demokratik ənənələr davam edir. Səfir Azərbaycan xalqının yalnız qədim tarixə və demokratik ənənələrə deyil, həmçinin zəngin mədəniyyət, ədəbiyyat, incəsənət və musiqiyə malik olduğunu söyləyərək cari ildə Azərbaycan milli teatrının 145, kinematoqrafiyasının 120, operasının 110 illik yubileylərinin ölkəmizdə böyük təntənə ilə qeyd olunduğu barədə söz açıb.

Tədbirdə nümayiş olunan “Əbədi ezamiyyət” sənədli filmi ilə bağlı səfir bildirib ki, sözügedən film AXC-nin 1919-cu ilin yanvarında Paris Sülh Konfransına Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. O davam edib ki, filmdə nümayəndə heyətinin gərgin əməyi və Azərbaycanın müstəqilliyi uğrunda apardığı mücadilənin tarixi əks olunub.

Sonra film nümayiş olunub və izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Film nümayişindən sonra ziyafət təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti