Bakı. Trend:
Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan yazıçısı və şairi Mikayıl Müşfiqin yaradıcılığına həsr olunmuş möhtəşəm tədbir keçirilib.
Oktyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert görkəmli Azərbaycan yazıçısı və şairi, unudulmaz Mikayıl Müşfiqin yaradıcılığına həsr olunmuşdu.
Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət” televiziya kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində həyata keçirilmişdi.
Konsertdə sevimli şairin sözlərinə bəstələnmiş mahnılar ifa edilmişdi. Xalq artistləri - Zabit Nəbizadə -“Maralım”, Teyyub Aslan -“Yaşa məhəbbətim”, əməkdar artistlər - Arzu Əliyeva -“Sənin gülüşlərin”, Almaz Orucova -“Necə əl çəkim”, Ehtiram Hüseynov-“Könül yaşa”, Rəşad İlyasov -“Sənin üçün”, müğənnilər - Kamilə Nəbiyeva -“Yenə o bağ olaydı”, Rövşən Əziz- “Qurban olduğum” mahnılarını ifa etmişdilər.
İfaçıları xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edirdi.
Konsertin son nömrəsi olan “Sənə qurban ” mahnısı Teyyub Aslan, Rövşən Əziz və Rəşad İlyasovun birgə ifasında səsləndi.
Konsertin aparıcısı əməkdar artist Rəşad İlyasov idi.
Tamaşaçılar çıxışları alqışlarla qarşıladı.