...

Bakıda məktəbdə Mikayıl Müşfiqin abidəsi ucaldılıb (FOTO)

Mədəniyyət Materials 28 Dekabr 2018 10:28 (UTC +04:00)
Paytaxtdakı 18 nömrəli tam orta məktəbdə görkəmli şair Mikayıl Müşfiqin abidəsinin və xatirə lövhəsinin açılış mərasimi keçirilib.
Bakıda məktəbdə Mikayıl Müşfiqin abidəsi ucaldılıb (FOTO)

Bakı. Trend:

Paytaxtdakı 18 nömrəli tam orta məktəbdə görkəmli şair Mikayıl Müşfiqin abidəsinin və xatirə lövhəsinin açılış mərasimi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Təhsil nazirinin müavini, idarənin müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, idarənin struktur bölmə rəhbərləri, Cabir Novruz Mədəniyyət Fondunun nümayəndələri, şairin yaxınları, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.

Tədbirdə giriş nitqi ilə çıxış edən 18 nömrəli tam orta məktəbin direktoru Rəna Süleymanova 1968-ci ildən təhsil müəssisəsinin Mikayıl Müşfiqin adını daşıdığını bildirib. Direktor çıxışı zamanı rəhbərlik etdiyi təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan və bu müddət ərzində məktəbin qazandığı uğurlardan söhbət açıb.

Tədbirdə çıxış edən Məhəbbət Vəliyeva Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinin ölkəmizdə böyük təntənə ilə qeyd edildiyini bildirib. M.Vəliyeva milli ədəbiyyatımızı lirik şeirlər, poemalar, nağıllar, uşaq şeirləri ilə zənginləşdirən Mikayıl Müşfiqin misilsiz sənət inciləri yaratdığını, ədibin qısa ömründə poeziyaya böyük töhfələr verdiyini iştirakçıların diqqətinə çatdırıb.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov unudulmaz şair, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından, ədəbiyyatımızdakı xidmətlərindən söhbət açıb. Abidənin ucaldılmasını yüksək dəyərləndirən Ə.Əzizov bunu böyük şairin irsinə olan marağı daha da artıracağına inamını ifadə edib.

Tədbirdə şagirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şairin şeirlərindən parçalar söyləyib və mahnılar ifa ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti