...

“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində dəyirmi masa keçirilir (FOTO)

Mədəniyyət Materials 24 Yanvar 2020 16:20 (UTC +04:00)
Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmdirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Bakıda “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı keçirilir.
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində dəyirmi masa keçirilir (FOTO)

Bakı. Trend:

Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Bakıda “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı keçirilir. Konfrans Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və TASS informasiya agentliyinin dəstəyi ilə təşkil edilib.

Trend-in məlumatına görə, bu gün konfrans çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir. Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevin, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın və Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun moderatorluğu ilə keçirilən tədbirdə dövlət strukturlarının nümayəndələri, tanınmış mədəniyyət, təhsil və elm xadimləri, hər iki ölkədən olan jurnalistlər iştirak edirlər.

Dəyirmi masada çıxış edənlər vurğulayıblar ki, Rusiya ilə Azərbaycanın münasibətlərinin bütün istiqamətlərdə çox intensiv inkişaf etdiyi bugünkü şəraitdə mədəni əlaqələr xüsusi əhəmiyyət kəsb edir.

Bildirilib ki, bəzən mədəni əməkdaşlıq siyasi və iqtisadi əməkdaşlıqla münasibətdə heç də az rol oynamır. Mədəniyyət, təhsil və elm sahələri Azərbaycan-Rusiya strateji tərəfdaşlığının uğurlu inkişafında böyük amillərdir. İki ölkənin dövlət başçılarının səmimi dostluq münasibətləri bu prosesdə həlledici amildir.

Qeyd edilib ki, bu cür tədbirlər humanitar əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır. Xüsusi vurğulanıb ki, ulu öndər Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin inkişafına və təşəkkülünə böyük töhfə verib.

Dəyirmi masanın gedişində Moskva və Bakı mədəniyyət idarələri arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Qeyd edək ki, konfrans çərçivəsində Rusiyada yaşayan görkəmli azərbaycanlılara və Azərbaycanda yaşayan rusların məşhur nümayəndələrinə həsr edilmiş fotosərgi keçirilməsi planlaşdırılır. Sərgi TASS informasiya agentliyi tərəfindən Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə birgə təşkil olunub.

Konfrans çərçivəsində TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın “Hakimiyyət formulu” və “Həyat formulu” kitablarının təqdimatı və digər mədəni tədbirlər nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti