...

Heydər Əliyev Mərkəzində “Avişai Koen trio”nun caz konserti keçirilib (FOTO/VİDEO)

Mədəniyyət Materials 7 Dekabr 2021 12:59 (UTC +04:00)
Heydər Əliyev Mərkəzində “Avişai Koen trio”nun caz konserti keçirilib (FOTO/VİDEO)

Bakı. Vüqar İmanov - Trend:

Dekabrın 6-da Heydər Əliyev Mərkəzində İsrailin “Avişai Koen trio” qrupunun konserti keçirilib.

Trend-in məlumatına görə, trionun tərkibində Avişai Koen (kontrabas), Elçin Şirinov (piano), Roni Kaspi (baraban) yer alır.

İsraildə doğulan, ABŞ-da fəaliyyət göstərən müğənni və bəstəkar Avişai Koen son 20 ildə dünyanın ən yaxşı bas ifaçısı kimi tanınsa da, onun məhz bəstəkar kimi yaratdığı musiqi əsərləri şöhrət qazanıb, böyük auditoriya toplayıb, caz pərəstişkarlarını özünə cəlb edib.

Trionun digər iştirakçısı isə İsraildə dünyaya gələn, hazırda ABŞ-da yaşayan baraban ifaçısı Roni Kaspidir. Roni Kaspi ABŞ, Meksika, Kanada və digər ölkələrdə çıxış edib.

Avişai Koenlə birlikdə səhnəni Azərbaycandan bəstəkar və virtuoz pianoçu Elçin Şirinov bölüşüb. Elçin Şirinov son 3 ildə Avişai Koenlə sıx əməkdaşlıq edir və onun iştirakı ilə trio dünyada şöhrət qazanıb. Elçin Şirinov fəal şəkildə “Avişai Koen trio”nun yeni albomunun yaranmasında iştirak edib. Dünya turnesi və beynəlxalq festivallar çərçivəsində onlar ABŞ, Ukrayna, Yaponiya, İsveç, Almaniya, Fransa, Portuqaliya, İngiltərə, Rusiya, İsrail, Polşa, Macarıstan və digər ölkələrdə konsertlər verib.

“Avişai Koen trio”nun Bakı konsertində onların yeni “Arvoles” albomundan kompozisiyalar təqdim edilib.

Avişay Koenin musiqisi özündə Şərqi Avropa, Yaxın Şərq və Afrika motivlərini birləşdirir. Bunlara Elçin Şirinovun Azərbaycan temperamenti və Roni Kaspinin maksimum enerjisi əlavə olunanda tamaşaçılara yüksək səviyyəli konsert təqdim olunur!

(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti