Bakı. Aysel Quliyeva -Trend:
Ötən gün açılışı olan Hacı Zeynalabdin Tağıyevin heykəlinə dünən gecə zərər vurulub. Qeyd olunan hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhvetmə və ya korlama əməlinin əlamətləri olduğundan fakta görə Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-axtarış nəticələrində əməli törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb.
Hadisə ilə bağlı heykəlin müəllifi Xanlar Əhmədov Trend-in suallarını cavablandırıb.
Müəllif baş verən hadisəyə görə təəssüfləndiyini bildirib. “Həmin ərazidə artıq kameralar yenilənir, işıqlandırma sistemi dəyişdiriləcək”, - deyə o bildirib.
Müəllifin sözlərinə görə, heykəlin materialı bürünc-tunc qarışığıdır, abidə əsrlərlə qalan materialdan hazırlanıb, kənar təsirlərə dözümlüdür.
“Qırılma səbəbinə gəldikdə isə iki nöqtədə birləşən təsbehin ara boşluğu olub, buna görə də kənar təsirdən qırılma baş verib”, - deyə X.Əhmədov əlavə edib.