Bakı. Trend:
Bir neçə ildir ki, Azərbaycan Memarlar İttifaqı ictimaiyyətin fəalları tərəfindən daxil olan məlumatlara diqqətlə yanaşaraq, tarixi abidələrin qorunub saxlanılması, Bakının memarlıq və şəhərsalma problemləri ilə bağlı dövət qurumları olan Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə sıx əməkdaşlıq etməkdədir. Qeyd olunmalıdır ki, bu təcrübə nəticəsində bir çox problemli məsələlər aradan qaldırılıb, öz həqiqi həllini tapıb.
Bu barədə Azərbaycan Memarlar İttifaqının Katibliyindən Trend-ə bildirilib.
"Təkcə onu demək kifayyətdir ki, Memarlar İttifaqı tərəfindən 200-dən çox yeni aşkar olunmuş qiymətli binaların siyahısı Mədəniyyət Nazirliyinə dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına daxil olunması təklifi irəli sürülmüşdür. Eyni siyahı məlumat üçün Dövlət Şəhərslama və Arxitektura Komitəsinə də təqdim olunmuşdur.
Bu ilin may ayının 18-də Azərbaycan Memarlar İttifaqının Katibliyinin növbəti iclası keçirilmiş və bir sıra vacib məsələlər içərisində yuxarıda qeyd olunmuş təcrübəni daha da genişləndirmək məqsədilə Azərbaycan Memarlar İttifaqının yanında “Vətəndaş” ictimai hərəkatının təşkili haqqında qərar qəbul olunmuşdur. Bu hərəkata təkcə memarlar yox, geniş ictimaiyyətin belə cəlb olunması nəzərdə tutulmuşdur.
Katibliyin qərarı ilə “Vətəndaş” ictimai hərəkatinin təşkilatçılığı tanınmış memar, memarlıq irsinin fəal müdafiəçisi Əbdül Hüseynova tapşırılmışdır", - məlumatda deyilir.