...

“Babək “ baletinin premyerası olub (FOTO)

Mədəniyyət Materials 11 Oktyabr 2022 13:54 (UTC +04:00)
“Babək “ baletinin premyerası olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 114-cü teatr mövsümünün ilk premyera tamaşası – A.Əlizadənin “Babək “ baletinin premyerası baş tutub.

Xalq artisti bəstəkar A.Əlizadənin ötən əsrin 80-ci illərində yazdığı və 1983-cü ildə Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmmədovun quruluşunda tamaşaya qoyulan “Babək“ baletinin günümüzlə səsləşən mövzusu onun yenidən səhnəyə qayıdşına səbəb olmuşdur. Məlum olduğu kimi IX əsrdə xalq qəhrəmanı Babəkin ərəb istilaçılarına qarşı 20 ildən artıq bir müddətdə davam edən mübarizəsi Azərbaycan xalqının mübarizələrlə zəngin olan tarixində önəmli yer tutur. Və bu gün xalqımızın erməni işğalçılarına qarşı 30 ildən bəri davam edən Vətən müharibəsinin qələbəmizlə başa çatdığı və Zəfər günümüzü qeyd etməyə hazırlaşdığımız günlərdə “ Babək “ baletinin səhnəyə qoyulması və nümayişi çox aktualdır.

Tamaşaya gənc və istedadlı xoreoqraf – Xalq artisti Kamilla Hüseynova quruluş vermişdir. İlk quruluşun librettosu əsasında səhnəyə qoyulan baletin librettosuna Kamilla xanım cüzi əlavələr etmiş və bu tamaşanın daha baxımlı alınmasına səbəb olmuşdur. Tamaşanın musiqi rəhbəri və dirijoru Dirijorların A.Dorati adına müsabiqəsinin laureatı Orxan Həşimov, quruluşcu rəssamı isə Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir. Premyera tamaşasında gənc maestro orkestri bacarıqla idarə etmişdir. İki pərdəli tamaşanın Tehran Babayev tərəfindən hazırlanan dekorasiyaları – Əmirin çadırı, babəkilərin istinadgahı və s. truppanın və orkestrin peşəkar ifası tamamlayırdı.

Tamaşada əsas rolları Əməkdar artistlər Anar Mikayılov (Babək), Makar Ferştandt (Əmir), Cəmilə Kərimova (Alnisa), balet artistlərinin Almaniyada keçirilən beynəlxalq müsabiqəsinin laureatı Ayan Eyvazova (Pərişad), gənc solist Seymur Qədiyev (Cavidan) ifa etmişlər. Qeyd etmək istəyirik ki, böyük uğurla baş tutan “Babək" baleti Opera və Balet Teatrının xalqımızın şanlı Zəfər gününə hədiyyəsidir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti