Bakı. Trend:
Cari ilin 20 may tarixində Müstəqillik Günü münasibətilə Albaniyanın paytaxtı Tiranada Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə tədbir təşkil olunmuşdur. Tədbirin məqsədi həmçinin 2008-ci ildən UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğamının təbliği idi. Bu münasibətlə xalq artisti, tanınmış xanəndə Mənsum İbrahimovun rəhbərlik etdiyi "Qarabağ" muğam ansamblının konserti və rəsmi ziyafət keçirilmişdir.
Tədbirdə Albaniyanın hökumət və parlament nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri, eləcə də biznes, mədəniyyət, beyin mərkəzləri və media nümayəndələri iştirak etmişlər.
Azərbaycan mədəniyyətinin, xüsusilə də muğam sənətinin yerli ictimaiyyət arasında tanıdılması məqsədilə Tirana meriyası ilə əməkdaşlıq çərçivəsində 21–31 may tarixlərində davam edəcək beynəlxalq musiqi festivalının açılış günündə də “Qarabağ” ansamblının konserti şəhərin mərkəzində, açıq səma altında təşkil olunmuşdur. Hər iki tədbir izləyicilər tərəfindən böyük maraq və rəğbətlə qarşılanmış və Azərbaycanın zəngin musiqi irsinin təbliğinə xidmət etmişdir.