Azərbaycan, Bakı, 2 noyabr /Trend/
Küveytdə gündəlik ərəb dilində nəşr olunan və böyük oxucu kütləsinə malik "Əl-Ray" və "Əl-Qabas" qəzetlərinin 2 noyabr tarixli buraxılışında Azərbaycanda keçirilmiş parlament seçkiləri haqqında xəbərlər dərc edilib.
Azərbaycanın Küveytdəki səfirliyindən Trend-ə verilən məlumata görə, xəbərlərdə noyabrın 1-də Azərbaycanda növbəti 5 il üçün keçirilən parlament seçkilərində 767 nəfər namizədin 125 yer uğrunda mübarizə apardığı bildirilib. İştirak edən seçicilərin daha çox öz səslərini Azərbaycan Prezidenti İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinə verdiyi qeyd olunub.
Həmçinin xəbərlərdə Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədovun sözlərinə istinadən vurğulanıb ki, hakim partiya bundan öncəki seçkilərdə parlamentdə 71 deputatla təmsil olunmuşdu və ümid edirlər ki, hazırkı seçkilərdə ən azı 70 deputatla təmsil olunacaq.
Məlumatlarda parlament seçkilərini müşahidəçi qismində izləyənlərin sözlərinə əsasən, seçkilərin tam demokratik və şəffaf şəkildə keçirildiyi qeyd olunub. Həmçinin seçicilərin qısa müsahibələri dərc edilib.
Eyni zamanda xəbərlərdə qeyd olunub ki, Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldikdən sonra ölkənin neft və qaz ixracatı artıb, əldə edilən gəlir isə insanların rifahının yüksəldilməsinə, ölkənin inkişafına yönəldilib.