Bakı. Samir Əli - Trend:
Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 189 ünvanında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. Bunu Trend-ə açıqlamasında nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda hasara alınmış 0.2 hektar ərazidə 30-a yaxın ağac və kol bitkisinin gecə saatlarında ekskavatorla məhv edildiyi və 90-JX-379, 99-LJ-581 dövlət qeydiyyat nişanlı yük avtomobilləri vasitəsilə ərazidən daşındığı məlum olub: "Əməkdaşlarımız tərəfindən ərazidə görülən işlər dayandırılıb. Təqsirkarların tapılaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə araşdırmalar davam edir”.
İ.İbrahimova yaşıllıqlara qayğı ilə yanaşan və onların mühafizəsinə həssas münasibət göstərərək Nazirliyə məlumat verən ictimaiyyət və media nümayəndələrinə sayıqlıqlarına görə təşəkkür edib.