Bakı. Trend:
İsrailin Səhiyyə Nazirliyinin baş direktoru Naxman Aş, immuniteti zəif olan insanlar üçün koronavirus peyvəndinin dördüncü dozasını təsdiqləyib.
Trend yerli dövlət KİV-lərinə istinadən xəbər verir ki, 60 yaşdan yuxarı insanlar və tibb işçiləri üçün dördüncü dozaya dair qərar hələ qəbul edilməyib.
Dekabrın 22-də Səhiyyə Nazirliyinin pandemiyaya qarşı mübarizə üzrə ekspert komissiyası 60 yaşdan yuxarı şəxslərə, tibb işçilərinə və immuniteti aşağı olan şəxslərə COVID-19 vaksininin dördüncü dozasının tətbiqinə başlanılmasını tövsiyə edib.
İyulun sonundan ölkə sakinlərinə üçüncü doza ilə peyvənd edilməyə başlanılıb. Bu günə qədər 6,5 milyon İsrail vətəndaşı azı bir doza, 5,9 milyon iki, 4,2 milyon insan isə üç doza peyvən qəbul edib. Ölkənin ümumi əhalisi 9,3 milyon nəfərdir.