...

Ekofəallar öz tələblərində israrlıdırlar (VİDEO)

Gündəm Materials 16 Dekabr 2022 13:10 (UTC +04:00)
Ekofəallar öz tələblərində israrlıdırlar (VİDEO)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Şuşa. Trend:

Laçın yolunda olan ekoloji fəallar tələbləri yerinə yetirilməyənə qədər dağılmaq fikrində deyillər.

Bunu Trend-in Şuşaya ezam olunmuş müxbirinə "EcoSphere" sosial-ekoloji mərkəzinin əməkdaşı Jalə İsmayılova deyib.

“Beşinci gündür ki, biz ekoloji etiraz aksiyasında iştirak edirik. Resurslarımızın qanunsuz istismarının əleyhinəyik və eyni tələbləri sülhməramlı kontingentə qarşı da irəli sürürük", - deyə o qeyd edib.

J.İsmayılovanın sözlərinə görə, işlədiyi qurumun fəaliyyəti gənc nəslə ekologiyanın əsaslarını öyrətməyə, ekosistemlərin davamlı inkişafına yönəlib.

"Qarabağ ərazisində baş verənlər bizi narahat edir. Lakin biz inanırıq ki, tədbirlər görüləcək və bunun nəticələri aradan qaldırılacaq. Biz sona qədər dayanacağıq", - deyə J.İsmayılova bildirib.

Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.

Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti