Bakı.Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal
İnkişaf Agentliyinin “Technion” Texnologiya İnstitutu ilə birgə
təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərin yeni
dalğası üçün qeydiyyata start verib.
Bu tədris dalğasında da Mərkəz xüsusi imkan təqdim edir. Belə ki,
təlim proqramı uğurla başa vuranlar arasında ən yüksək nəticə
göstərən 5 məzun ölkə xaricində fəaliyyət göstərən qabaqcıl
şirkətlərdə 1 aylıq təcrübə proqramına iştirak şansı qazanaraq öz
bacarıqlarını real iş mühitində sınayacaq.
Təlimlərdən yararlanmaq üçün 17 yaşdan yuxarı, ingilis dili
bilikləri və baza İKT bacarıqlarına malik olan Azərbaycan
vətəndaşları müraciət edə bilərlər. Qeydiyyatdan keçmiş namizədlər
növbəti mərhələdə ardıcıl olaraq imtahan və müsahibə proseslərinə
cəlb olunacaqlar. Xarici mütəxəssislərin keçirəcəyi imtahanda
namizədlərin məntiqi və analitik düşüncə qabiliyyəti, İKT üzrə
bilik və bacarıqları, ingilis dili səviyyəsi yoxlanılacaq. Daha
sonra müsahibəyə cəlb olunaraq bu mərhələni uğurla keçən 60 nəfər
təlimlərdə tam təqaüdlü formada iştirak hüququ əldə edəcək. Hər bir
mərhələ üzrə yalnız ən yüksək göstəricilərə sahib şəxslər sonrakı
mərhələdə iştirak hüququ qazanacaqlar.
Proqrama qəbul olanlara dərslər “Technion” Texnologiya İnstitutunun
akademik heyəti tərəfindən onların tədris metodologiyasına əsasən
keçiləcək, nəzəri və praktiki biliklər öyrədiləcək. Təlimlər 6 ay
müddətində saat 09:00-dan 16:00-a qədər dərslər,16:00-dan 21:00-dək
praktiki məşğələlər şəklində davam edəcək.
Proqram çərçivəsində “Red Team” (hücum) və “Blue Team” (müdafiə) olmaqla 2 qrup mütəxəssisin hazırlanması planlaşdırılır. Komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Proqramı uğurla bitirənlərə “Technion” Texnologiya İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq.
Təlimlərdə iştirak etmək istəyən namizədlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər:
Qeydiyyat üçün son tarix 10 may 2026-cı ildir.
Qeyd edək ki, bu günə qədər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin həyata keçirdiyi təlim proqramlarından 480 nəfər məzun olub, hazırda isə 60 nəfər bu sahədə təhsilini davam etdirir. Mərkəz tərəfindən eyni zamanda məzunların məşğulluq imkanlarının artırılması ilə bağlı da təşəbbüslər həyata keçirilir. Mərkəz məzunlarının işlə təmin olma göstəricisi 86%-dir. Mərkəzdə ixtisaslaşmış kadr hazırlığı ilə yanaşı, ali təhsil müəssisələrində tədrisin həyata keçirilməsi, kibermaarifləndirmə, kibertəhlükəsizlik mütəxəssisləri üçün ixtisasartırma təlimləri, kibertəhlükəsizlik üzrə tədqiqat və araşdırma,yerli kibertəhlükəsizlik məhsullarının hazırlanmasına dəstəyin göstərilməsi istiqamətində də tədbirlər həyata keçirilir.