Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir S.Ağayeva/
Rusiya DİN ölkə KİV-inin Moskvada dünənki iğtişaşlar zamanı Azərbaycan vətəndaşının həlak olması barədə məlumatını təkzib edib.
"Çərşənbə günü axşam Moskvada baş vermiş toqquşmalar zamanı Azərbaycan vətəndaşının həlak olması barədə məlumat öz təsdiqini tapmayıb", - cümə axşamı Rusiya DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib.
Bir qədər əvvəl "Danışır Moskva" radiostansiyası iğtişaşlar zamanı Azərbaycan vətəndaşının həlak olması barədə məlumat vermişdi.
RF İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin "RİA Novosti"yə bildirib ki, dekabrın 15-də Moskvada bir qrup gəncin cinayət törətməsi faktı üzrə bir sıra, eləcə də "xuliqanlıq", "qətlə cəhd" və "hakimiyyət nümayəndəsinə qarşı zorakılığın tətbiqi" maddələri üzrə cinayət işləri açılıb.