Azərbaycan, Bakı, 1 mart /Trend/
Qubada cümə axşamı keçirilən etiraz aksiyasında saxlanılanların hamısı azadlığa buraxılıb. Bu barədə Trend-in bölgə müxbiri məlumat verib.
Məlumata görə, saxlanılanlar azadlığa buraxılandan sonra aksiyaçılar rayon Polis İdarəsinin qarşısından dağılmağa başlayıblar, vəziyyət sabitləşib.
Qeyd edək ki, bu gün Qubada rayon İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirilib.
Trend-in məlumatına görə, icazəsiz mitinq keçirənlər icra başçısı Rauf Həbibovun bu günlərdə etdiyi çıxışına etiraz olaraq istefasını tələb ediblər.
Aksiya icazəsiz olduğundan, hadisə yerinə polis qüvvələri cəlb edilib.
Məlumata görə, aksiya iştirakçıları bəzi binalara zərər vurub.
Trend-in bölgə müxbirinin məlumatına görə, hadisə yerinə gələn nəqliyyat naziri Ziya Məmmədov, Qubadan seçilən millət vəkili Vahid Əhmədov aksiya iştirakçıları qarşısında çıxış ediblər.
Məmmədov aksiyaçıları sakit olmağa çağırıb və qaldırılan problemlərə diqqətlə yanaşılacağını deyib.