Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İ.İzzət/
Şəkinin Baş Göynük kəndinin sakini 82 yaşlı İsmayılov Hüseynəli öz gəlinini öldürdüyünə görə peşmançılıq hissi keçirmədiyini bildirib.
Trend "Kanal S"-ə istinadən xəbər verir ki, 3 uşaq anasını övladlarının gözü qarşısında gülləyən qayınata hadisəni törətmə səbəbini gəlininin ona lazımi qayğı göstərməməsi ilə əlaqələndirib.
Xatırladaq ki, Şəki rayonunun Baş Göynük kəndində kənd sakini 1933-cü il təvəllüdlü İsmayılov Hüseynəli Abdulla oğlu martın 28-i saat 11:00 radələrində qanunsuz olaraq saxladığı ov tüfəngi ilə öz gəlini İsmayılova Azadə Məmməd qızını döş qəfəsindən güllələyib.
Yaralı dərhal Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işinin istintaqı davam etdirilir.