İlk xəbər saat 02:27-də yayılıb
Azərbaycan, Bakı, 21 iyul /Trend/
İraqın paytaxtı Bağdadda şəngə günü gecə baş vermiş 14 terror aktı nəticəsində ən az 65 nəfər ölüb, təqribən 200 nəfər xəsarət alıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə "Frans Press" agentliyi xəbər yayıb.
Bundan əvvəl 22 nəfərin öldüyü, 70 nəfərin yaralandığı bildirilirdi.
Polisin məlumatına görə, 13 partlayış bilavasitə Bağdadda, bir partlayış isə paytaxtın cənubunda, şəhərətrafı Mədain rayonunda qeydə alınıb. Partlayıcı qurğuların əksəriyyəti avtomobillərdə quraşdırılıb.
Terrorçular daha çox insan tələfatı üçün bombanı qəsdən əhalinin sıx olduğu məkanlarda yerləşdiriblər, partlayış üçün isə Günəş batandan sonra yerli sakinlərin alış-veriş etdiyi və kafeyə getdiyi vaxtı seçiblər.
Qeyd edək ki, iyul ayında ölkədə terror aktlarının qurbanlarının sayı artıq 500 nəfəri ötüb.