Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İ.İzzət/
Ağdaş rayon sakinindən saxta əsginaslar götürülüb.
Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayonu Sahil qəsəbəsinin ərazisində Ağdaş rayon sakini Sadiq Yusibovdan 8 ədəd 20 manatlıq, 4 ədəd 10 manatlıq, Hacıqabul rayon sakini Raqil Şirəliyevdən 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq saxta əsginaslar götürülüb.
R.Şirəliyevin idarə etdiyi "Kia-Rio" markalı avtomobilə baxış zamanı oradan 4 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq saxta əsginaslar aşkar edilərək götürülüb.
Şirvan şəhərinin ərazisində R.Şirəliyevin icarəyə götürdüyü "Foto Uğur" studiyasına baxış zamanı isə saxta əsginasların çap edildiyi skaner-printer, video-çəkiliş qeydlərinin aparıldığı "DVR" sistem bloku aşkar edilərək götürülüb.
Faktla əlaqədar cinayət işi başlanmışdır.