Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir E.Mehdiyev/
Tovuz rayon sakini ermənilər tərəfindən açılmış atəşdən xəsarət alıb. Trend xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, martın 28-də saat 02 radələrində Tovuz rayonunun Əlibəyli kənd sakini Elman Tağıyev ermənilər tərəfindən açılmış atəşdən xəsarət alıb.
Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, ötən gecə erməni silahlı qüvvələrinin Əlibəyli kəndi istiqamətində atəşkəsi pozması nəticəsində 100-ə yaxın ev atəşə tutulub. Atəşkəsin pozulması zamanı düşmən postuna yaxın ərazidə olan zərərçəkən ailə üzvlərini təhlükəsiz yerə keçirmək üçün həyətə çıxan zaman güllə yarası alıb.
Dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan 44 yaşlı E.Tağıyevin vəziyyətini həkimlər orta-ağır qiymətləndirirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə Trend-ə bildiriblər ki, dünən və bu gecə cəbhə xəttində Azərbaycan əraziləri Ermənistan tərəfindən intensiv atəşə tutulub. Lakin atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Ordusunun heç bir hərbi qulluqçusu xəsarət almayıb və bu barədə yayılan xəbərlər də həqiqətə uyğun deyil.