Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fərid Yusubun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, F.Yusub bir müddət Rusiyada yaşayıb və orada saxlanılaraq Azərbaycana ekstradisiya olunub. Ona ekstradisiya zamanı ölkəyə qayıdış vəsiqəsi verilib və hazırda şəxsiyyət vəsiqəsi almaq üçün "Asan Xidmət"ə müraciət etdiyini bildirib.
F. Yusub ölkəyə gətirildikdən sonra barəsində həbs qətimkan tədbiri seçilib, müddət başa çatdıqda isə məhkəmə prokurorluğun müddətin uzadılması ilə bağlı təqdimatını təmin etməyib. F.Yusub barəsində heç bir qətimkan tədbiri seçilməyib və o, azadlıqda qalıb.
Prosesdə dövlət ittihamçısı vəsatət verərək F.Yusubun məhkəmə zalında həbs olunmasını istəyib.
Məhkəmə vəsatəti təmin etməyib, F.Yusub barəsində başqa yerə getməmək qərarı verilib.
Proses yanvarın 11-də davam etdiriləcək.
Qeyd edək ki, Gülnarə Şəkinskaya qardaşı F. Yusubla birlikdə qadının keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunur.
G.Şəkinskaya və onun qardaşı F.Yusub barəsində axtarış elan olunub. “İnterpol” xətti ilə beynəlxalq axtarışda olan F.Yusub xarici ölkədə saxlanılıb və Azərbaycana təhvil verilib.
O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.