...

Əməkdar rəssam vəfat edib

Hadisə Materials 27 Oktyabr 2021 16:31 (UTC +04:00)
Əməkdar rəssam vəfat edib

Bakı. Çingiz Səfərli - Trend:

Azərbaycan Respublikasının əməkdar rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” kafedrasının müəllimi, professor Zeynalabdin İsgəndərov vəfat edib.

Trend-in məlumatına görə, o, 72 yaşında dünyasını dəyişib.

Zeynalabdin Əli oğlu İsgəndərov 1949-cu ildə Bakıda doğulub.

1966–1970-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin Heykəltəraşlıq fakültəsində təhsil alıb.

1971–1977-ci illərdə o, V.I.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsilini davam etdirib. Burada təhsil aldığı dövrdə məşhur heykəltəraş, SSRİ Rəssamlıq Akademiyasının rektoru Nikolay Tomskinin emalatxanasında çalışıb.

1977-ci ildə Bakıya qayıdır, həm yaradıcılıqla məşğul olub, həm də bu sənətdən dərs deməyə başlayıb.

Ən məşhur əsərlərindən biri 1982-ci ildə indiki Şirvan şəhərində ucaldılmış Leninin abidəsi olub. İmperiya dağılanda həmin heykəl də uçurulub.

Sənətkarın "Səttar", "Namaz", "Külək", "Mütəffəkir", "Musiqiçi" və s. kompozisiyaları əsl sənətin obrazlarda ifadə olunması həqiqətini təsdiqləyən plastika nümunələridir.

Heykəltəraş Sara Qədimova, Lətif Kərimov, Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Leyla Bədirbəyli, Emin Sabitoğlu, Möhsün Sənani və başqa görkəmli şəxsiyyətlərin qəbirüstü abidələrini, barelyeflərini hazırlayıb.

2006-cı il dekabrın 29-da "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı verilib.

2011-ci ildə Romada keçirilən heykəltəraşlıq üzrə beynəlxalq simpoziumda mükafata layiq görülüb.

Bu ilin 16 oktyabrında isə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti