Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir X.Murtuzayeva/
Meksikalı arxeoloqlar ölkənin qərbindəki Sonora ştatının Onavas kəndinin ərazisində maraqlı qəbiristanlıq aşkar ediblər. İlkin qiymətləndirmələrə görə, min ilə yaxın yaşı olan məzarlıqda 25 insanın qalığı var. Onlardan yarısı deformasiyaya uğramış kəllələrə malikdir və insandan daha çox "Yad" filminin əsas personajlarına oxşayırlar. Trend bu barədə Rusiya KİV-inə istinadən xəbər verir.
Skeletlərin əksəriyyətinin dişləri də zədələnib.
Alimlər qeyd edirlər ki, nə bu yerlərdə, nə də qədim zamanlarda mezoamerika xalqlarının yaşadıqları başqa regionlarda heç vaxt buna oxşar heç nə görməyiblər. "Mezoamerika mədəniyyətində kəllənin deformasiyası ehtimal ki, ayin məqsədləri ilə bir sosial qrupun nümayəndələrini başqalarından ayırmaq üçün istifadə olunurdu", - elmi-tədqiqat layihəsinin direktoru Kristina Qarsiya Moreno belə hesab edir.
Dişlərin zədələnməsinə gəlincə, nəzəriyyəyə əsasən, bu hələ onlar sağ ikən, yeniyetmə olarkən edilib. "Stomatoloji zədəyə yeniyetmə yaşında keçid ayini kimi baxılırdı", - Moreno izah edib. Arxeoloq onu da əlavə edib ki, dəfn olunanlardan birinin qarın nahiyyəsində sümüyün forması tısbağanın zirehinə oxşar şəkildə dəyişdirilib. Hələlik bunu izah etmək mümkün olmayıb.
Moreno belə dəfn yerlərinə daha əvvəl yalnız Meksikada deyil, ABŞ-ın cənub-qərbində də təsadüf edilmədiyini bildirir. Onun sözlərinə görə, tarixi mənbələrə əsasən, məzarlığın aşkar olunduğu yer pimas tayfasından olan hindulara aid olub.