...

QAT erməni deputatların Bakıya gəlişinə etiraz olaraq, aksiya keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2007 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Qarabağ Azadlıq Təşkilatı (QAT) erməni deputatların Bakıya gəlişi ilə əlaqədar, etiraz aksiyaları keçirəcək. Bu barədə çərşənbə axşamı Trend ə QAT-ın sədri Akif Nağı məlumat verib.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QİƏT PA) Mədəniyyət, Təhsil və Elm Komitəsinin oktyabrın 3-4-də Bakıda keçiriləcək iclasında Ermənistanı təmsil edən deputatların da iştirakı gözlənilir. QAT sədri bildirib ki, erməni nümayəndələrinin Bakıdakı konfransda iştirakı dəqiqləşərsə, tədbirin keçirildiyi "Gülüstan" sarayının qarşısında etiraz aksiyası təşkil edəcəklər. Təşkilat hesab edir ki, Ermənistan nümayəndələrinin rəsmi səviyyədə Azərbaycana səfərləri, nəticədə, Azərbaycanın işğalçı dövlətə qarşı münasibətinin yumşalması milli maraqlarımıza uyğun gəlmir.

QAT bundan əvvəl, sentyabrın 6-da Bakıda keçirilən MDB Daxili İşlər nazirlərinin toplantısında Ermənistan nümayəndələrinin iştirakına etiraz olaraq, aksiya keçirməyi planlaşdırırdı. Lakin polislər QAT fəallarını ofisdən bölməyə aparıb və tədbir başa çatdıqdan sonra sərbəst buraxıblar.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

QAT Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə, 2000-ci ildə Bakıda yaradılıb. Təşkilat öz sıralarında Azərbaycanın tanınmış ziyalıları, qaçqın və məcburi köçkünləri, gənclər, keçmiş döyüşçülər, ehtiyatda olan yüksək rütbəli zabitlərini birləşdirir.

Xəbər lenti

Xəbər lenti