...

Dağlıq Qarabağ münaqişəsinin həlli artıq müharibə yolu ilə tənzimlənə bilən məsələ kimi gündəmə gəlib - azərbaycanlı deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Yanvar 2011 12:44 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli artıq silahlı vasitələrlə, ikinci Qarabağ savaşı səviyyəsində tənzimlənə bilən məsələ kimi gündəmə gəlib.
Dağlıq Qarabağ münaqişəsinin həlli artıq müharibə yolu ilə tənzimlənə bilən məsələ kimi gündəmə gəlib - azərbaycanlı deputat

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir M.Əliyev/

Dağlıq Qarabağ münaqişəsinin həlli artıq silahlı vasitələrlə, ikinci Qarabağ savaşı səviyyəsində tənzimlənə bilən məsələ kimi gündəmə gəlib. Bunu cümə axşamı jurnalistlərə millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc  bildirib.

Onun sözlərinə görə, beynəlxalq hüququ Dağlıq Qarabağ münaqişəsinin həllində istifadə etmək mümkün olmur, Ermənistana qarşı ən minimal sanksiyalar tətbiq olunmur. "Bu olmadığı təqdirdə Azərbaycan tərəfi daha çox hərbi imkanlarını artırır, xaricdən silah asılılığını ortadan götürmək üçün hərbi vasitələr istehsal edir", - parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü bildirib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın formalaşdırmaq istədiyi ən başlıca perspektiv Ermənistana qida verən və onun müvazinətini saxlayan dairələri bu prosesdən kənarlaşdırmaqdır.

"Nə vaxt Ermənistan o himayəçilərdən bir az kənarlaşsa, konkret olaraq Rusiya və İranın bu prosesdə rolu ən azından neytrallıq səviyyəsinə gəlsə, müharibə qərarı veriləcək", - Oruc bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti