Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir S.Ağayeva/
Meksika Konqresinin Deputatlar Palatası tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşma maddələrindən ibarət Qərar qəbul edilib.
Trend-in cümə axşamı Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, qərarda münaqişənin tarixi haqqında ətraflı məlumat verilib, Azərbaycan ərazisinin iyirmi faizinin hələ də Ermənistanın işğalı altında qaldığı, bir milyona yaxın insanın qaçqın və məcburi köçkün qismində yaşadığı, BMT Təhlükəsizlik Şurasının (TŞ) münaqişə ilə bağlı dörd qətnaməsinin indiyədək yerinə yetirilmədiyi, 1994-cü ildə tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunsa da, atəşkəsin Ermənistan tərəfindən pozulması faktlarının mövcudluğu və Azərbaycanın mülki əhalisinin hələ də bundan fiziki və mənəvi əziyyət çəkdiyi vurğulanır.
Bundan əlavə, qərarda Azərbaycan ərazilərinin işğalı, Azərbaycan tərəfindən verilmiş insan itkiləri, xüsusən də Xocalıda Ermənistan Silahlı Qüvvələrinin məhz soyqırım törətdiyi qəti şəkildə pislənir.
Eyni zamanda, münaqişənin hələ də həll olunmamış qalması təəssüflə qeyd edilir və tərəflər münaqişənin həlli istiqamətində dialoqu davam etdirməyə çağırılır.
Qərarda Azərbaycanda bir milyon qaçqın və məcburi köçkünün olduğu nəzərə alınaraq, ölkədəki humanitar böhran barədə Meksikanın BMT-dəki Daimi Nümayəndəliyi vasitəsilə Meksika Konqresinə hesabatın təqdim olunması tövsiyə olunur.
Meksikanın BMT-dəki Daimi Nümayəndəliyinin bundan sonrakı fəaliyyəti zamanı Ermənistan hökumətini BMT TŞ-nin qətnamələrini yerinə yetirməyə və işğal edilmiş ərazilərdən öz qoşunlarını çıxarmağa səsləməsi tövsiyə olunur.
Qərar Meksika dövləti adından beynəlxalq qurumları Ermənistanı Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi zorakılıq aktlarını dərhal dayandırması, Azərbaycanın işğal edilmiş ərazilərindən öz qoşunlarını dərhal çıxarması və münaqişənin həllində maraqlı olan bütün tərəfləri regionda daha irimiqyaslı münaqişənin qarşısının alınması və regionda sülh və təhlükəsizliyin bərqərar olunması üçün hər növ zorakılıq və müdaxilədən çəkinməyə çağıran müraciət qəbul etməyə səsləyir.