...

Mübariz Əhmədoğlu: Qarabağda müharibənin başlamamasında İlham Əliyevin müdrikliyinə apelyasiya edənlərin aktivləşməsi faydalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2013 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir E.Mehdiyev/

Dağlıq Qarabağ münaqişəsinin həlli süni olaraq mürəkkəbləşdirilir və ya belə təqdim olunur. İqtisadi, siyasi və hərbi baxımdan Ermənistandan xeyli güclü olan Azərbaycan Dağlıq Qarabağ münaqişəsini istənilən anda müharibə yolu ilə həll edə bilər. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, Azərbaycanın ümumi parametrləri, iqtisadi qüdrəti və siyasi bacarığı dünənə kimi Azərbaycanı sıradan çıxarmaq niyyətində olan dövlətləri də dosta çevirib.

Əhmədoğlu bildirib ki, Azərbaycanın müasir silahlarla təchiz olunmuş güclü orduya malik olması son iki ildə dünya hərbi ekspertlərinin və tədqiqat mərkəzlərinin diqqətindədir: "Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan kosmik dövlətə çevrilib. Bakıda keçirilmiş hərbi parad Azərbaycanın hansı silahlara malik olduğunu, eləcə də hərbi qüdrətini nümayiş etdirdi. Həmçinin, Azərbaycan rəsmiləri hansı şərtlərlə Ermənistana qaz satmağa, bu ölkənin regiondakı iqtisadi layihələrə qoşulmasına icazə verməyə hazır olduğunu bəyan etdilər".

Politoloq deyib ki, xarici ekspertlər Dağlıq Qarabağda müharibənin olmayacağı ilə bağlı proqnozlarını Azərbaycan Prezidenti İlham Əliyevin müdrikliyi ilə əlaqələndirirlər: "Onların fikrincə, Azərbaycan Dağlıq Qarabağın dağ mağaralarında erməni hərbçiləri yandırmağa və əzməyə imkan verən silahlara malik olduğu bir halda, Prezident İlham Əliyev işğalçı Ermənistana xoşniyyətli mesajını verdi. Müdrikliyin başqa əlaməti olmur".

Əhmədoğlu əlavə edib ki, Ermənistan isə özü üçün faydalı olan İlham Əliyevin müdrikliyinə adekvat reaksiya vermədi: "Rus, qərbli, iranlı olmasından asılı olmayaraq, İlham Əliyevin müdrikliyinə istinad edənlərin aktivləşməsinin, onların Ermənistanı ayıltmasının vaxtıdır: Ermənistan Azərbaycanın iqtisadi təkliflərini qəbul etməli və ya "TOS"-ların yüksək temperatur və təzyiq yaradan atəşlərini seçməlidirlər. Azərbaycan üçün hər ikisinin nəticəsi birdir: Dağlıq Qarabağ geri qayıdacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti