Azərbaycan, Bakı, 23 avqust / Trend müxbir M.Əliyev/
Vəziyyət bu cür davam edərsə, Azərbaycan ordunun imkanlarından istifadə etmək məcburiyyəti qarşısında qalacaqdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Yaponiyanın müdafiə nazirinin müavini Masahisa Satonun başçılıq etdiyi nümayəndə heyətini ilə görüşdə bildirib.
Nazir deyib ki, Ermənistanın təcavüzkar siyasəti bu gün də davam edir: "ATƏT-in Minsk qrupu çərçivəsində problemin həllinə üstünlük verilsə də, təəssüf ki, konkret nəticə yoxdur".
Əbiyevin sözlərinə görə, digər narahatlıq yaradan amillərdən biri də BMT-nin məlum 4 qətnaməsinin indiyədək icra olunmaması ilə bağlıdır: "Amerika Birləşmiş Ştatları Konqresinin 907-ci düzəlişinin aradan qaldırılmamasının əlavə təsirlərini də nəzərə alsaq o zaman görərik ki, bölgədə hansı gərginliklər hökm sürür. Vəziyyət bu cür davam edərsə, Azərbaycan ordunun imkanlarından istifadə etmək məcburiyyəti qarşısında qalacaqdır".