...

Elşad İskəndərov: Gənclərimiz xaricdəki hərbi münaqişələrdə yox, Qarabağ uğrunda canlarından keçməyə hazır olmalıdırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Fevral 2014 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İ.İzzət/

"Azərbaycanın uğurlu siyasəti nəticəsində Ermənistan blokada şəraitində saxlanılır. Bu gün insanlar aclıq səbəbindən Ermənistanı kütləvi şəkildə tərk edirlərsə, bu Azərbaycan Prezidentinin Xocalıdakı soyqırıma görə aldığı intiqamın nəticəsidir". Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Qafqaz Müsəlmanları İdarəsində (QMİ) bu gün Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə bildirib.

Dövlət Komitəsinin sədri qeyd edib ki, 1992-ci il fevralın 26-da Xocalıda baş verənlər Azərbaycan xalqına qarşı yönəlmiş vəhşilikdir: "Xocalıdakı soyqırım azərbaycanlıların gözünün odunu almaq, qarşıdan gələn işğalları asanlaşdırmaq, digər tərəfdən də Azərbaycan xaqlının ruhunu, iradəsini sındırmaq məqsədilə ermənilər tərəfindən törədilmişdi. Üstündən 22 il keçməsinə baxmayaraq, bu hadisə hər birimizin qan yaddaşında silinməz iz buraxıb. Ermənilərin hadisədən dərhal sonra videooperatoru həmin əraziyə buraxması əvvəlcədən düşünülmüş planın bir hissəsi idi. Onlar istəyirdilər ki, Azərbaycan xalqı bu vəhşiliyi görsün və qorxub vahiməyə düşsün. Bu, düşünülmüş, əvvəlcədən planlaşdırılmış idi. Azərbaycan xalqının vahiməyə salınması yolları planlaşdırılmışdı. Əvəvlcədən planlaşdırılmış şəkildə bir millətin fiziki cəhətdən qırılması hadisəsi isə soyqırım adlanır".

E.İskəndərov bildirib ki, bu gün Azərbaycanın haqq səsinin, Xocalı həqiqətlərinin dünyaya çatdırılması ümummilli məsələyə çevrilib: "Bu işin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda isə Prezident İlham Əliyevin fəaliyyətində də Xocalı soyqırımının dünyada tanıdılması, ədalətin yer alması xüsusi yer alır. Bu məsələ Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən də müxtəlif beynəlxalq arenalarda cəsarətlə səsləndirilib".

Komitə sədri qeyd edib ki, bu gün aparılan "Xocalıya ədalət" kampaniyası nəticəsində Xocalıda şəhid olanların qanı yerdə qalmayacaq. Artıq bir çox dövlətlər və təşkilatlar tərəfindən Xocalıda baş verən hadisələrin soyqırım olması qəbul edilib.

E.İskəndərovn əlavə edib ki, hər bir soydaşımız Azərbaycanın milli vəhdəti, milli maraqları baxımından Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, ədalətin bərqərar olması üçün əlindən gələni əsirgəməməlidir: "Bizim əsas çağırışımız vətənpərvərlik ruhunda böyüyən, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə hazır olan vətəndaşın yetişdirilməsidir. Bizi bu işlərdən yayındıran, xarici qüvvələr tərəfindən idarə edilən şəxslərin çağırışlarına uymamalıyıq. Gənclərimiz xarici dövlətlərdəki hərbi münaqişələrdə yox, Qarabağın azadlığı uğrunda canlarından keçməyə hazır olmalıdırlar. Bizim din xadimlərimiz də dindarlarımızı düzgün istiqamətdə yetişdirməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti