Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Vüqar İmanov/
Şən Hazırcavablar Klubunun (KVN) Premyer Liqası və I Liqasının aparıcısı, "TTO AMİK" MMC-nin baş direktoru Aleksandr Aleksandroviç Maslyakov separatçı Dağlıq Qarabağ regionu yığmasının ("Artsax yığması") KVN komandalarının "KiViN-2015" beynəlxalq festivalına dəvət olunmasını şərh edib. Beynəlxalq festival gələn ilin yanvarında Soçidə keçiriləcək.
A.Maslyakov Trend-ə bildirib ki, belə komandanı tanımır və onun haqqında birinci dəfə eşidir: "Mənim bu dəvətdən xəbərim yoxdur. Soçi festivalına kim istəsə gələ bilər, biz heç bir xüsusi təklif göndərmirik. Fikrimcə, bu dəvət qeydiyyatdan keçən bütün komandalara avtomatik göndərilir. Kompüter dəvətləri avtomatik göndərir, komandaları seçmir".
KVN Azərbaycan Liqasının həmtəsisçisi Anar Sultanov qeyd edib ki, artıq iki ildir "TTO AMİK"-in rəsmi şəxslərindən qondarma "Atrsax yığması"nın beynəlxalq festivallarda iştirakını qadağan etməsini tələb edir: "Lakin onlar mənimlə razılaşmırlar. Bu komanda qeydiyyatdan keçib, lakin oyunlara qatılmayıb. Soçidəki oyunlarda iştirak etmək üçün "Qarabağ" komandamızı qeydiyyatdan keçirmək istədim, lakin məlum səbəblərdən onu qeydiyyata almadılar".
Qeyd edək ki, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Trend-ə bildirib ki, Azərbaycanın Rusiyadakı səfirliyinə separatçı Dağlıq Qarabağ regionu yığmasının Şən Hazırcavablar Klubu (KVN) komandalarının "KiViN-2015" beynəlxalq festivalında ayrıca komanda kimi mümkün iştirakı məsələsini öyrənmək və informasiyanın təsdiqləniyi halda lazımi tədbirlər görmək tapşırılıb.
Ermənistan KİV separatçı rejimin komandasının gələn ilin yanvarında Soçidə keçiriləcək ŞHK komandalarının "KiViN-2015" beynəlxalq festivalında ayrıca komanda kimi iştirak etmək üçün dəvət edildiyi barədə məlumat yayıb. Beynəlxalq KVN İttifaqının rəsmi saytında qeyd olunur ki, yığma artıq festivalda iştirak etmək üçün qeydiyyatdan keçib.
H.Hacıyev deyib ki, Ermənistan belə əsassız addımlar atmaqla təxribat fəaliyyəti həyata keçirir: "Ermənistan tərəfi belə mənasız işlərlə məşğul olmaqdansa münaqişənin həllində daha konstruktiv mövqe tutmalıdır".