...

Müxalifət partiyası "Təhsil haqqında" qanunla bağlı təkliflərini dövlət başçısına ünvanlayacaq

Siyasət Materials 10 Oktyabr 2007 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) "Təhsil haqqında" qanuna dəyişikliklər layihəsi hazırlayaraq dövlət başçısına və Milli Məclisə ünvanlayacaq. Bu barədə çərşənbə günü Trend ə AMİP-in mərkəzi intizam komissiyasının sədri Aydın Əliyev məlumat verib.

Onun sözlərinə görə, partiya layihədə təhsil müəssisəsi rəhbərlərinin seçki yolu ilə seçilməsini, ali məktəblərdə təhsil haqqının azaldılmasını, universitetlərdə siyasi partiyaların özəyinin yaradılmamasını, orta məktəblərin buraxılış imtahanının ali məktəblərə qəbul imtahanı sayılmasını təklif edir. AMİP hesab edir ki, təhsil müəssisələrindən tutulan 18 faizlik gəlir vergisi ləğv edilməli, "elmlər namizədi" dərəcəsi ləğv olunmalı və xarici ölkələrdəki kimi, elmi iş bir dəfə müdafiə edilərək "elmlər doktoru" dərəcəsi verilməlidir.

Həmçinin təkliflərə görə, Ali Attestasiya Komissiyasına ehtiyac yoxdur, hər bir elmi işçi çalışdığı müəssisədə elmi işini təsdiq etdirməlidir.

Təkliflər layihəsi ilə əlaqədar partiya gələn həftə mətbuat konfransı keçirəcək.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti