...

QAT-ın yürüşü baş tutub

Siyasət Materials 9 Noyabr 2007 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü Bayraq bayramı ilə əlaqədar cümə günü Əliağa Vahid adına poeziya evinin qarşısındakı parkdan Milli Parka qədər yürüş keçiriblər və aksiya insidentsiz başa çatıb.

QAT üzvləri əvvəlcə metronun "28 May" stansiyasından başlayaraq Şəhidlər Xiyabanına doğru yürüş etməyə çalışsalar da, aksiya polis tərəfindən dağıdılıb. Yürüş iştirakçısı Rüfət Əhmədzadə polis tərəfindən saxlanılaraq Nəsimi rayonu 22-ci polis bölməsinə aparılıb.

Aksiya təşkilatçıları bundan sonra marşrutu dəyişiblər və Bakı Metropoliteninin "Bakı Soveti" stansiyasının yaxınlığında toplaşıblar və Milli Parka doğru yürüş ediblər. Yürüş iştirakçıları əhaliyə Azərbaycan bayrağını paylaya-paylaya Paraşüt qülləsinə doğru irəliləyiblər. Ərazidə polis əməkdaşları gözə dəyməyib və yürüşə heç bir müdaxilə olmayıb. Sonda Azərbaycanın üçrəngli bayrağı qüllənin zirvəsinə sancılıb. Bununla da yürüş başa çatıb.

Azərbaycan Respublikasının dövlət bayrağı ilk dəfə 1918-ci ildə noyabrın 9-da Azərbaycan Cümhuriyyəti tərəfindən qəbul edilib.

QAT Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 2000-ci ildə Bakıda yaradılıb. Qurumun rəhbəri tarix elmləri namizədi, dosent Akif Nağıdır. Təşkilat öz sıralarında Azərbaycanın tanınmış ziyalıları, qaçqın və məcburi köçkünləri, gənclər, keçmiş döyüşçülər, ehtiyatda olan yüksək rütbəli zabitlər olmaqla 10 min nəfəri birləşdirir. QAT-ın Azərbaycan üzrə 74 yerli şöbəsi və müxtəlif xarici ölkələrdə təmsilçiləri fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti