...

Azərbaycanlı Gürcüstan prezidenti olmaq niyyətindədir

Siyasət Materials 16 Noyabr 2007 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ / Gürcüstan tarixində ilk dəfə olaraq, dövlət başçısı postuna namizədliyini azərbaycanlı, Gürcüstan Azərbaycanlıları Beynəlxalq Şurasının sədri Fazil Əliyev irəli sürəcək. Gürcüstanda yanvarın 5-də keçiriləcək prezident seçkilərinə Əliyevin namizədliyi Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası və Gürcüstan Azərbaycanlıları Beynəlxalq Şurası tərəfindən irəli sürülüb. Bu barədə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının prezidenti Daşqın Gülməmmədov Trend ə müsahibəsində bildirib. "Fazil Əliyev, güman ki, Gürcüstanın Azərbaycan və müsəlman seçicilərinin namizədi olacaq" - deyə Gülməmmədov bildirib.

Gülməmmədovun sözlərinə görə, bu məqsədlə artıq təşəbbüs qrupu yaradılıb və seçki qərargahına da Əliyev başçılıq edəcək. Gülməmmədov qeyd edib ki, bu gün Əliyev ona seçki qərargahı yaratmaq səlahiyyətləri verib. Gülməmmədov hesab edir ki, azərbaycanlılar, güman ki, öz namizədlərinə səs verəcəklər.

Yaxın günlərdə Əliyevin Gürcüstan prezidenti namizədliyinin qeydiyyatdan keçməsi məqsədilə, sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq. Gürcüstan tarixində ilk dəfədir ki, bu ölkənin azərbaycanlı əhalisinin nümayəndəsi dövlət başçısı postuna namizədliyini irəli sürür.

Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda 500 minə yaxın azərbaycanlı yaşayır.

Xəbər lenti

Xəbər lenti