...

Annapolis görüşü Fələstin və İsrail dövlətlərindən çox, əhalinin marağındadır -İran politoloqu

Siyasət Materials 28 Noyabr 2007 12:12 (UTC +04:00)
Annapolis görüşü Fələstin və İsrail dövlətlərindən çox, əhalinin marağındadır -İran politoloqu

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ Fələstin və İsrail arasında olan münaqişə ilə bağlı aparılan müzakirələrə hər iki ölkənin milləti müsbət baxır. "Annapolis görüşü Fələstin və İsrail dövlətlərindən çox, əhalinin marağındadır" - deyə İran politoloqu və İsrail-Fələstin məsələləri üzrə ekspert Əhməd Zeydabadi bildirib.

Noyabrın 27-də ABŞ-ın təşəbbüsu ilə Fələstin-İsrail münaqişəsinin aradan qaldırılmasına dair Annapolis şəhərində görüş keçirilib. Annapolis ABŞ paytaxtından 50 km məsafədədir və orada ABŞ-ın Baş Hərbi Dəniz Akademiyası yerləşir. Konfransın işində İsrailin baş naziri Ehud Olmert və Fələstin prezidenti Mahmud Abbas, BMT-nin baş katibi Pan Gi Mun, həmçinin bir sıra xarici ölkələrin nümayəndələri iştirak ediblər.

Zeydabadi bildirib ki, iki ölkə arasında olan münaqişənin həllində hər iki ölkənin əhalisi daha çox maraqlıdır. "Fələstində keçirilmiş ictimai rəyin nəticələri göstərir ki, bu ölkənin əhalisinin 70%-i Annapolis müzakirələrinə müsbət baxırlar və Abbasın bu iclasda iştirakını dəstəkləyirlər. Buna görə də Annapolis iclasının müsbət nəticə verməsinə umudvar olmaq olar" - deyə İran eksperti bildirib.

Fələstinin Qərb və Qəzzə regionlarını nəzarət edən "Həmas" təşkilatı Annapolis görüşünü boykot edib və bildirib ki, görüşdə əldə ediləcək hər bir nəticəni rədd edəcək. Təşkilat həmçinin Abbasın İsrail ilə müzakirələr aparmasını pisləyib. "Həmas"ın sözçüsü İmən Taha "Əlaləm" informasiya şəbəkəsinə verdiyi müsahibədə bildirib ki, hər cür sazişin qarşısını almağa çalışacaqlar.

Zeydabadi bildirib ki, "Həmas" fələstinlilər arasında əvvəllər olduğu kimi, nüfuzlu deyil. Bu təşkilat Qəzzə və Qərb regionlarından İsrailin bəzi qəsəbələrini hədəfə almaqdan başqa heç bir təzyiq göstərə bilməz. Buna cavab olaraq isə İsrail də "Həmas"ın qərargahlarını hədəfə alacaq və bundan artıq heç bir hadisə baş verməyəcək.

Zeydabadinin fikrincə, İranın Fələstin-İsrail münaqişəsinə qarışması heç kimin xeyrinə deyil. "İran xarici siyasətində əsaslı dəyişiklik etməlidir və bu münaqişəni gərginləşdirməyə çalışmamalıdır"-deyə Zeydabadi bildirib.

İranın İRNA agentliyinin məlumatına əsasən, ölkənin dini rəhbəri Əli Xameneyi noyabrın 26-da Annapolisdə keçirilən görüşü ərəb ölkələri üçün tələ və hiylə kimi qiymətləndirib və onların bu görüşə qatılmamalarını tələb edib.

Xəbər lenti

Xəbər lenti