Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bu gün Tbilisi şəhər məhkəməsinin qərarı ilə azadlığa çıxan Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının rəhbəri Daşqın Gülməmmədov siyasi partiya yaradacağını açıqlayıb. Bu barədə çərşənbə axşamı Trend ə Gülməmmədov özü məlumat verib.
Gülməmmədov Gürcüstanda prezidentliyə namizəd olmağa hazırlaşan azərbaycanlı Fazil Əliyevin seçki qərargahının rəhbəri təyin olunmuşdu. Lakin o, noyabrın 27-də Tbilsidə Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. "Milli diskriminasiya salmaqda" təqsirli bilinərək barəsində Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə cinayət işi açılıb. Ötən həftə Tbilisi şəhər məhkəməsinin qərarı ilə o, 2 aylıq həbs cəzasına məhkum olunub.
Bu gün həmin məhkəmə Gürcüstan prokurorunun rəyi əsasında onun azadlığa buraxılması barədə qərar çıxarıb.
Gülməmmədov azad olunmasının səbəbini beynəlxalq ictimaiyyətin və Gürcüstanda yaşayan azərbaycanlıların hakimiyyətə təzyiqinin nəticəsi kimi qiymətləndirir.
O, həmçinin bildirib ki, Əliyev artıq prezident seçkilərinə hazırlaşmır və namizəd də deyil. Gülməmmədov və Əliyev hakimiyyətə qarşı müxalifət partiyası yaratmağa qərar veriblər:
"Biz prezident seçkilərinə hazırlıq kampaniyamızı yeni siyasi partiyanın yaradılması kampaniyasına çevirəcəyik. Əsas məqsəd də gələn ilin payızında keçiriləcək parlament seçkilərində iştirak etməkdir" - deyən Gülməmmədov əlavə edib ki, yaradacaqları partiyaya əsasən Gürcüstanda yaşayan azərbaycanlıları cəlb etməyi planlaşdırırlar. Həmçinin gürcülər də partiyaya cəlb olunacaq.
"Seçkidə partiya şəklində iştirak edərək parlamentdə təmsil olunmağa çalışacağıq və iqtidara qarşı müxalifətdə olacağıq" - deyə Gülməmmədov bildirib.
Əliyev isə Trend ə bildirib ki, Gülməmmədovu həbs etməkdə məqsəd onun seçki kampaniyasını dağıtmaq idi və hakimiyyət buna nail oldu.