...

MTN Azərbaycanda dövlətə xəyanət etmiş bir qrup şəxsi zərərsizləşdirib (əlavə olunub)

Siyasət Materials 14 Dekabr 2007 15:35 (UTC +04:00)
MTN Azərbaycanda dövlətə xəyanət etmiş bir qrup şəxsi zərərsizləşdirib (əlavə olunub)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) dövlətə xəyanət etmiş bir qrup şəxsi zərərsizləşdirib. MTN-nin ictimaiyyətlə əlaqə şöbəsindən cümə günü Trend ə bildiriblər ki, Bakı sakinləri, 1975-ci il təvəllüdlü Səid Dadaşbəyli, 1983-cü il təvəllüdlü Ceyhun Əliyev, 1983-cü il təvəllüdlü Cahangir Kərimov, 1974-cü il təvəllüdlü Mikayıl İdrisov, 1981-ci il təvəllüdlü Rasim Kərimov, 1976-cı il təvəllüdlü Rəşad Əliyev, 1979-cu il təvəllüdlü Mübariz Süleymanov, 1981-ci il təvəllüdlü Fərid Ağayev və Bəybala Quliyev, 1977-ci il təvəllüdlü Emil Möhbalıyev, 1980-ci il təvəllüdlü Zaur Orucov, 1979-cu il təvəllüdlü Samir Qocayev və Fətulla Bəbirov cinayətkar birlik yaratma, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və digər ağır cinayətlərə görə təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində həbs-qəiimkan tədbiri seçilib. Müəyyən edilib ki, Bakıda yerləşən "Azəri M-İ Drillinq Fluids" ABŞ-Azərbaycan birgə müəssisəsində təchizat üzrə koordinator işləyən Dadaşbəyli dini ekstremizm ideyalarını rəhbər tutaraq, Azərbaycanda hakimiyyəti zorla ələ keçirib, dünyəvi dövlət quruluşunu dəyişdirməyi və şəriət qanunları ilə idarə olunan hakimiyyət qurmağı qarşısında məqsəd qoyub.

O, bunun üçün həmfikirləri Ceyhun Əliyev, Cahangir Kərimov, Mikayıl İdrisov, Rasim Kərimov, Rəşad Əliyev, Fərid Ağayev, Emil Möhbalıyev, Samir Qocayev və Bəybala Quliyev ilə əlbir olub "North İmam Mehty Army" ("İmam Mehdinin Şimal Ordusu") ingilis sözlərinin baş hərflərindən ibarət "NİMA" adlı, konspirasiya üsullarından istifadə edən, özünün tabeçilik və idarəçilik strukturuna malik dini-ekstremist və cinayətkar yönümlü gizli təşkilat yaradıb.

Dadaşbəyli öz dini biliklərinin səthi olduğunu gizlətmək, əvvəlcədən dini-fəlsəfi mövzularda mümkün diskussiyalardan yayınmaq üçün, guya "ona Allah tərəfindən mələklər vasitəsi ilə vəhy gəldiyini" bildirib və özünü lider kimi tanıtdırıb beyət etdirməklə, sərt tabeçilik iyerarxiyası qurub. Dadaşbəyli özünü həmin təşkilatın "Əmiri", yəni rəhbəri elan etmiş, ona ən yaxın üzvləri "1-ci liqa", digərlərini isə, "2-ci liqa" üzrə bölərək, ətrafında birləşdirib. Təşkilatın fəaliyyətinin genişləndirilməsi və gücləndirilməsi üçün Dadaşbəyli toplanılan üzvlük haqlarından və ianələrdən ibarət, eləcə də üzvlərin kommersiya fəaliyyətindən əldə etdikləri qazancın da 10-15 %-ni məcburi qaydada ödəməli olduqları xüsusi maliyyə fondu yaradıb. Dadaşbəyli hakimiyyət orqanlarının zorla ələ keçirilməsi üçün bu və ya digər ağır cinayətlərin törədilməsi məqsədilə, təşkilat üzvlərinin müvafiq hərbi təlimlər və xüsusi fiziki hazırlıq keçmələrinin zəruriliyini nəzərə alaraq, fondun hesabına, onların Günəşli qəsəbəsində yerləşən Qarabağ Veteranları Cəmiyyətində və Azərbaycan Respublikası DİN-in güllə atıcılığı tirində hərbi, habelə bu qurumun İdman Cəmiyyətində fiziki hazırlıq məşqləri keçmələrini təşkil edib. Müəyyən maliyyə vəsaiti müqabilində xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığı da məqbul sayan Dadaşbəylinin razılığı əsasında, təşkilatın üzvləri İranın xüsusi xidmət orqanı olan İran İslam İnqilabının Mühafizə Korpusu - "SEPAH" ilə məxfi əməkdaşlıq etməyə başlayıblar. Belə ki, Dadaşbəylinin razılığı ilə, 2005-2006-cı illərdə, müxtəlif vaxtlarda Ceyhun Əliyev və Cahangir Kərimov İranın Qum, Tehran, Rəşt və Məşhəd şəhərlərinə səfər edib, burada həmin ölkənin xüsusi xidmət orqanının konkret əməkdaşları ilə tanış olub, onların ABŞ, İsrail və digər Qərb dövlətlərinə qarşı, habelə Azərbaycanın Qərbə inteqrasiyadan çəkindirilməsi və ölkəmizdə şəriət qanunları ilə idarə olunan rejimin qurulması istiqamətində mübarizə aparılmasının zəruriliyi barədə fikirləri ilə həmrəyliklərini bildiriblər. Bu təklifləri qəbul edən Ceyhun Əliyev və Cahangir Kərimov xarici xüsusi xidmət orqanının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilib, bu barədə yazılı iltizam alınaraq, onlara "Mustafa" və "Həsən" təxəllüsləri verilib. Bundan sonra Ceyhun Əliyevə və Cahangir Kərimova İranda topoqrafik xəritələrdən, kiçik və iri çaplı silahlardan, partlayıcı qurğulardan istifadə, onların konkret obyektlərə yerləşdirilməsi qaydaları, həmçinin, məxfi müşahidə aparmaq və müşahidədən yayınmaq üsulları üzrə nəzəri və praktiki təlimlər keçirilib. Həmçinin, onlara Bakıda fəaliyyət göstərən ABŞ, İsrail və digər dövlətlərin səfirlikləri, rəsmi nümayəndəlikləri, iqtisadi obyektləri və vətəndaşları, eləcə də "Bakı-Tbilisi-Ceyhan" boru kəmərinin Azərbaycanda keçdiyi ərazilər, basdırıldığı yerlərin dərinliyi, borunun qalınlığı, mühafizə sistemi barədə məlumat toplamaq tapşırığı verilib. Əliyevin və Kərimovun belə məlumatları toplayıb ötürəcəkləri təqdirdə, həm özlərinə və həm də təşkilatlarına hər vasitə ilə yardım göstəriləcəyi barədə xarici xüsusi xidmət orqanının əməkdaşları tərəfindən vədlər edilib. Tapşırığın icrası üçün Dadaşbəyli, Əliyev və təşkilatın digər üzvü Rasim Kərimov ABŞ, İngiltərə və İsrailin Azərbaycanda müxtəlif fəaliyyət sahələrinə dair ümumilikdə 150-dən artıq məlumat toplayıb və əldə etdikləri materialları İran xüsusi xidmət orqanına çatdırıblar. Ceyhun Əliyevə və Cahangir Kərimova həmin xüsusi xidmət orqanının əməkdaşları tərəfindən ümumilikdə 10 min 300 ABŞ dolları məbləğində pul verilərək müvafiq qəbzlər alınıb.

Xüsusi xidmət orqanının əməkdaşları növbəti dəfə Cahangir Kərimovu İrana dəvət edərkən, sonuncu "Bakı-Tbilisi-Ceyhan" boru kəmərinə dair verilmiş tapşırığın icrası ilə bağlı, səfər ərəfəsində məlumat toplamağa çalışıb, bu barədə Ceyhun Əliyevdən kömək istəyib, o, da təşkilatın digər üzvü, "McDermott" neft şirkətində işləyən Samir Qocayevə müraciət etməsini məsləhət görüb. Kərimov bu barədə Qocayevlə razılaşıb, lakin vaxt məhdudluğundan, sonuncu göstərilənlər barədə məlumat toplaya bilməyib.

Tapşırıq icra olunmadığı üçün,bu ölkənin xüsusi xidmət orqanının əməkdaşları Cahangir Kərimova öz iradlarını bildirib, yenidən boru kəməri ilə bağlı məlumatların əldə edilməsi göstərişini veriblər. Kərimov Azərbaycana qayıtdıqdan bir neçə gün sonra həmin xüsusi xidmət orqanının əməkdaşları ona fotoaparat almaq üçün, hazırda şəxsiyyəti istintaqla müəyyənləşdirilən bir nəfər vasitəsilə 1000 dollar göndəriblər.

Daha sonra Dadaşbəyli vaxtilə 65 min dollar məbləğində pul uduzduğu, Bakı şəhərində yerləşən "Forex.Az" MMC birjasının külli miqdarda vəsaitə malik olduğu qənaətinə gələrək, bunu ələ keçirmək üçün Rəşad Əliyevə, Ceyhun Əliyevə, Cahangir Kərimova, Fərid Ağayevə hazırlıq işlərinin aparılmasını, o cümlədən firmanın iş rejimi, mühafizə sisteminin, direktoru və tədris departamenti müdirinin hərəkət marşrutlarının və həyat tərzlərinin öyrənilməsini tapşırıb. Dadaşbəylinin razılığı ilə, Ceyhun Əliyev dostu Emin Məmmədovla cinayət əlaqəsinə girərək, Bakıda yerləşən "Abşeron Co." MMC-nin ofisində olan, ehtimal etdikləri külli miqdarda, yəni 90 min dolları soyğunçuluq yolu ilə ələ keçirməyi planlaşdırıblar. Bununla yanaşı, Ceyhun Əliyev Dadaşbəylini məlumatlandıraraq, təşkilatın digər üzvü Rəşad Əliyevlə birlikdə Zaur Orucov və Emin Məmmədovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib, sonuncunun təklifi ilə, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin binasından mütəmadi olaraq külli miqdarda vəsaitlə çıxan qadına da basqın edib, pulları ələ keçirmək qərarına gəliblər. Lakin 2007-cı il yanvarın 15-də təşkilatın üzvləri və digərləri Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilən tədbirlər nəticəsində həbs edildiklərindən, onlar sadalanan bu cinayətkar niyyətlərini həyata keçirə bilməyiblər. Eyni zamanda, müəyyən edilib ki, Rəşad Əliyev Səid Dadaşbəyli ilə danışaraq, təşkilatlarının maliyyələşdirilməsi məqsədilə, Rusiya Federasiyasının Dağıstan Respublikasından külli miqdarda saxta xarici valyutanı Azərbaycana gətirib, Bakı şəhərində həmin əskinasları realizə etmək barədə razılaşıblar. Rəşad Əliyev Dağıstan Respublikasının Mahaçqala şəhərinə gedib, şəxsiyyəti istintaqla araşdırılan Süleyman adlı bir nəfərlə saxta ABŞ dolları əskinasları əldə etmək barədə sövdələşib.

MTN-nin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulan şəxslərin mənzillərinə baxış zamanı 2 ədəd "AKM" tipli avtomat, 1 ədəd tapança, 11 ədəd əl qumbarası, xeyli sayda döyüş sursatı və ləvazimatı, soyuq silah, habelə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Həmçinin, cari il yanvarın 12-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən Rəşad İsmayılovun yaşadığı mənzilə baxış zamanı 964 ədəd saxta 100 -lük ABŞ dolları, həmin vaxt orada olan Mübariz Süleymanovun üstündən isə, 12 ədəd saxta 100 -lük ABŞ dolları əskinasları aşkar edilərək götürülüb.

Cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq məhkəmə baxışı üçün təqdim olunub, Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 dekabr 2007-ci il tarixli hökmü ilə Səid Dadaşbəyəli, Ceyhun Əliyev, Cahangir Kərimov, Rəşad Əliyev, Mikayıl İdrisov, Fərid Ağayev, Emil Möhbalıyev, Samir Qocayev, Rasim Kərimov, Bəybala Quliyev, Fətulla Bəbirov, Zaur Orucov, Rəşad İsmayılov, Faiq İsmayılov və Mübariz Süleymanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.

Xəbər lenti

Xəbər lenti